"Qarabağ"ın prezidenti: "Bəzi stadionların durumunu görəndə üzülürük"
“Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlama verib.
Operativ Media xəbər verir ki, o, Bakıda İngiltərənin “Nyukasl” komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunu barədə fikirlərini bölüşüb:
“Avropada bir çox klubların büdcəsi bizdən çoxdur. 2000-dən çox klubun arasında “24-lük”dəyik. Bu, möcüzədir. Hamımız qürurluyuq. “Qarabağ” sıx qrafiklə oynayır. Futbolçular yorğun olsalar da, motivasiya yüksək səviyyədədir. Sabahkı oyunun vacibliyini bilirik. Rəqibin büdcəsi bizimkindən bir neçə dəfə çoxdur. Nəticənin necə olacağını deyə bilmərik. Bu mərhələyə möhtəşəm baş məşqçimiz Qurban Qurbanov, futbolçular, Prezident İlham Əliyev və xalqımızın dəstəyi sayəsində gəlmişik”.
Klub prezidenti Misli Premyer Liqasında da çempion olmaq istədiklərini sözlərinə əlavə edib:
“Üç gündən bir oyun keçiririk. “Sabah” möhtəşəm heyət qurub. Güclü rəqibdir. Azərbaycan çempionatının səviyyəsi artır. Amma bəzi stadionların durumunu görəndə üzülürük. Klub prezidenti kimi arzum odur ki, yaxşı infrastruktura da malik olaq. “Qarabağ” savaşan komandadır. Növbəti mövsüm UEFA Konfrans Liqasına düşsək, orada da sonadək getmək niyyətindəyik”.
Görüş fevralın 18-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Cavab qarşılaşması isə fevralın 24-dən 25-nə keçən gecə, saat 00:00-da İngiltərədə baş tutacaq.