"Nyukasl" azarkeşləri Bakıya valeh olub - "Yemək, içki və taksilər inanılmaz dərəcədə ucuzdur"
“Nyukasl” azarkeşləri bu gün Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaqları oyun öncəsi Upon Tayndan Bakıya qədər 2529 mil məsafə qət ediblər.
Operativ Media xəbər verir ki, “Daily Mail Sport” Bakıya səfər edən “Nyukasl” azarkeşləri ilə əlaqə saxlayaraq şəhər barədə təəssüratlarını öyrənib.
Azarkeşlərdən biri Bakıda hər şeyin ucuz olduğunu bildirib:
“Hər şey ucuzdur, dostum”, – deyə o, pivəsindən qurtumlayaraq söyləyib. “Bura həqiqətən fantastik yerdir. İnsanlar çox mehribandır".
O əlavə edib ki, Mançesterə qatarla, oradan İstanbula, daha sonra isə təyyarə ilə Bakıya gəliblər: “Bu səhər saat 4-də çatdıq, bir neçə saat yatdıq və sonra pivə içməyə çıxdıq”.
“Bu, bir oyun üçün indiyə qədər qət etdiyim ən uzaq məsafədir. Bakı gözəl və təmiz şəhərdir. Burada çoxlu ‘Nyukasl’ azarkeşi var, demək olar ki, bütün "pub"lar doludur".
Tom Conston isə təəssüratlarını belə bölüşüb: “Bu, möhtəşəm şəhərdir. Nə ilə qarşılaşacağımı bilmirdim, amma yerli əhali çox mehriban və mədənidir".
O, qiymətlərin münasib olmasını da vurğulayıb: “1,50 funt sterlinqə araq, 2,50 funt sterlinqə içki tapmaq mümkündür. Amma bir neçə şortik gətirməli idim, hava 16 dərəcədir, nədənsə daha soyuq olacağını düşünürdüm. Özümü tam təhlükəsiz hiss edirəm. Bəlkə təsadüfi hallar olur, amma yerli sakinlər şəhərlərini göstərməkdən qürur duyurlar".
Digər azarkeş Cey isə deyib: “Qrupumuzun bir neçə üzvü şənbə günü "Aston Villa"ya oyuna getmişdi və həmin matçdan sonra birbaşa Bakıya yola düşdü. Biz Stansteddən uçduq, Türkiyədə dayanaraq hər iki istiqamətdə təxminən 10 saat yol getdik. Stanstedə isə qatardan istifadə etdik.
Uçuş biletləri 280 funt sterlinqə başa gəldi. Dördulduzlu oteldə dörd gecəlik qalma hər nəfər üçün 80 funt sterlinq, viza isə 20 funt sterlinq idi. Yemək, içki və taksilər inanılmaz dərəcədə ucuzdur. Dünən 20 dəqiqəlik taksi səfəri üçün cəmi 1,50 funt sterlinq ödədim".
Başqa bir "Nyukasl" azarkeşi isə öz sosial media hesabında böyük şahmat daşları ilə oyun oynayan insanların fotosunu paylaşaraq yazıb:
"Bu gün Bakının küçələrində açıq havada qurulmuş, real ölçüdə şahmat oyunu ilə qarşılaşacağımı gözləmirdim".
Keith Parker adlı azarkeş isə şəhər mənzərəli fotosunu paylaşıb.
"Bakı heyrətamiz bir yerdir – möhtəşəm və çox qonaqpərvərdirlər", - deyə o, yazıb.
Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" matçı bu gün saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.




