PSJ Kilyan Mbappeyə olan borcunu qismən ödəyib
PSJ klubunun sabiq hücumçusu Kylian Mbappé ilə bağlı maliyyə mübahisəsi davam edir.
Operativ Media "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, PSJ futbolçuya qalan 6 milyon avroluq borcun 4 milyon avrosunu ödəyib. Bununla belə, tərəflər arasında mübahisə hələ də tam həllini tapmayıb.
Münaqişə oyunçunun 2024-cü ilin yayında azad agent kimi "Real Madrid" klubuna transferindən sonra başlayıb. 2025-ci ilin dekabrında Paris Əmək Məhkəməsi PSJ-nin futbolçuya 55 milyon avro maaş və bonus, həmçinin təxminən 5,9 milyon avro məzuniyyət haqqı və faizlər olmaqla ümumilikdə 60,9 milyon avro ödəməsi barədə qərar çıxarıb.
Mənbələrin bildirdiyinə görə, Mbappe bu məbləğin 55 milyon avrosunu artıq alıb. Məhkəmə icraçılarının səfərindən sonra Paris təmsilçisi əlavə 4 milyon avro köçürüb. Beləliklə, hazırda 2 milyon avroluq borc ödənilməmiş qalır.
PSJ ödəniş strukturunda uyğunsuzluqlar olduğunu əsas gətirərək futbolçuya çatmalı bütün vəsaitin ödənildiyini iddia edir. Lakin məsələyə yaxın bir neçə mənbə bu mövqeyə etiraz edir.
Bundan başqa, Paris klubu Mbappenin məhkəmə qərarının tam mətninin bir ay müddətində rəsmi saytın əsas səhifəsində dərc olunması tələbindən imtina etməsini istəyir. Tərəflər arasında danışıqlar davam edir və PSJ-nin məhkəmə icraçılarının növbəti səfəri ilə üzləşəcəyi istisna edilmir.
27 yaşlı fransız hücumçu cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlərdə 32 oyuna çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.