Novruz tətilində ölkədaxili, yoxsa xaricdə istirahət? - QİYMƏTLƏR
Novruz bayramına hələ təxminən bir ay vaxt qalsa da, artıq turizm sektorunda canlanma müşahidə olunur. Ölkə daxilində fəaliyyət göstərən istirahət mərkəzləri və hotellərdə rezervasiyalar aktivləşib.
Tətil planlaşdıranların əsas sualı isə dəyişməz qalır: Novruz istirahətini ölkə daxilində keçirmək daha sərfəlidir, yoxsa xaricdə?
Ölkədaxili istiqamətlər
İsmayıllı rayonunda fəaliyyət göstərən menecerlərin sözlərinə görə, bayram tarixləri üçün otaqların artıq 30 faizi bron edilib. Orta hesabla iki nəfər üçün 3 gecə, 4 günlük istirahət təxminən 240 manata başa gəlir.
Heyət evlərinə maraq daha yüksəkdir. Bir otaqlı evlərin qiyməti 50 manat, iki otaqlı evlər 80–90 manat arasında dəyişir. A-frame tipli evlərdə isə şərait və dizayndan asılı olaraq qiymətlər 100–150 manat təşkil edir.
Şəki şəhərində hotel nümayəndələri bildirirlər ki, bayram günlərində qiymətlər adi dövrlə müqayisədə artır. Dörd nəfərlik ailənin 3 gecəlik istirahəti təxminən 1500 manata başa gələ bilər. Standart otaqlarda gecəlik qiymətlər (iki nəfər, səhər yeməyi daxil) 25 manatdan başlayır. Digər otaq tiplərində bu rəqəm 35–50 manat arasında dəyişir. Villa və hovuzlu evlərdə isə tutumdan asılı olaraq gecəlik qiymətlər 100–150 manat və daha yuxarı olur.
Turizm eksperti Rəhman Quliyev qeyd edir ki, Novruz tətilində ölkədaxili istirahət daha münasib hesab olunur.
Quba–Qusar bölgəsində 4 ulduzlu hotellərdə iki nəfər üçün 1 gecəlik qiymət 150–200 manatdan başlayır. Bu məbləğə səhər yeməyi və bəzi əyləncə xidmətləri daxildir. 5 ulduzlu hotellərdə də qiymətlər təxminən eyni aralıqdadır.
Şəki, Qax, Zaqatala və Balakən bölgələrində qiymətlər nisbətən daha münasibdir.
Qarabağ bölgəsində isə lüks hotellərin çoxluğu səbəbindən qiymətlər daha yüksəkdir. Laçın, Şuşa və Xankəndi şəhərlərində iki nəfər üçün 1 gecəlik qalma (səhər yeməyi daxil) 200–250 manatdan başlayır.
Xarici istiqamətlər
Ekspertin sözlərinə görə, xaricdə ən çox tələb Dubay, İstanbul, Tbilisi, Çexiya, Misir və Vyana istiqamətlərinədir.
Novruz dövründə xüsusilə Dubay istiqamətində qiymətlərdə 25–30 faiz artım müşahidə olunur:
Ekspert vurğulayır ki, əgər ölkə daxilində 3 günlük istirahət 1500–2000 manata başa gəlirsə, bəzi xarici istiqamətlərdə bu məbləğ yalnız aviabilet və minimal paket xərclərini qarşılaya bilər.