Kürasao millisini dünya çempionatına çıxaran baş məşqçi istefa verdi
2026-cı il dünya çempionatında iştirak edəcək ölkələr arasında əhalisinə görə ən kiçik olan Kürasao millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən ayrılıb.
Yığmanı tarixi uğura imza ataraq dünya çempionatına çıxaran təcrübəli mütəxəssisin istefa qərarına səbəb qızının səhhətində yaranmış problem olub.
Operativ Media ESPN-ə istinadən xəbər verir ki, Advokat açıqlamasında bunları deyib: “Mən həmişə ailənin futboldan əvvəl gəldiyini demişəm. Buna görə də bu, təbii bir qərardır. Lakin bu, Kürasaonu, oradakı insanları və həmkarlarımı çox darıxacağım həqiqətini dəyişmir. Dünyanın ən kiçik ölkəsini dünya çempionatına daşımağı karyeramın ən önəmli anlarından biri hesab edirəm. Oyunçularımla, məşqçi heyətimlə və bizə inanan idarə heyətinin üzvləri ilə fəxr edirəm”.
Dünya çempionatına vəsiqə qazanan ən kiçik ölkə kimi rekord müəyyənləşdirən Kürasaonun yeni baş məşqçisi Fred Rutten olub.
Niderlandlı mütəxəssis karyerası ərzində "FC Twente", "FC Schalke 04", PSV, "Vitesse", "Feyenoord" və "Anderlecht" komandalarını çalışdırıb.