“Benfika” Prestianni işi ilə bağlı UEFA-nın qərarına apellyasiya şikayəti verəcək
"Benfika" UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Real Madrid"lə keçiriləcək cavab oyunundan əvvəl yarımmüdafiəçi Canluka Prestianninin müvəqqəti olaraq heyətdən kənarlaşdırılması ilə bağlı qərara münasibət bildirib.
Operativ Media xəbər verir ki, klub UEFA tərəfindən “Real Madrid”lə oyunda baş vermiş insidentlə əlaqədar davam edən araşdırma çərçivəsində futbolçuya bir oyunluq müvəqqəti cəza tətbiq edilməsi barədə məlumatlandırıldığını açıqlayıb.
“Benfika” istintaq davam etdiyi müddətdə oyunçusunun xidmətindən məhrum qalmasına görə təəssüfləndiyini bildirib və UEFA-nın qərarından apellyasiya şikayəti verəcəyini bəyan edib. Bununla belə, klub bu prosesin Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşünə təsir göstərməsi ehtimalının az olduğunu vurğulayıb.
Portuqaliya təmsilçisinin açıqlamasında deyilir: "Benfika irqçilik və ayrı-seçkiliyin bütün formalarına qarşı mübarizəyə sarsılmaz sadiqliyini bir daha təsdiqləyir. Bu dəyərlər klubun tarixi kimliyinin ayrılmaz hissəsidir və onun gündəlik fəaliyyətində, Benfika Fondunun işində, eləcə də Eusebio kimi böyük şəxsiyyətlərin timsalında öz əksini tapır".