"Mançester Yunayted"in futbolçusu sürücülük hüququndan məhrum edilib
"Mançester Yunayted"in futbolçusu Leni Yoro sürət həddini aşdığına görə altı ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Operativ Media xəbər verir ki, bu haqda "İndependent" qəzeti məlumat yayıb.
Hadisə 2025-ci ilin avqust ayında Mançesterin ətraf qəsəbəsi olan Vitinqtonda baş verib. Sürət kamerası futbolçunun idarə etdiyi avtomobilin saatda təxminən 115 km sürətlə hərəkət etdiyini qeydə alıb. Bu göstərici icazə verilən sürət həddindən təxminən iki yarım dəfə çox olub.
Yoronun vəkilləri onun adından üzr istəyərək bildiriblər ki, yol boş olub və futbolçu dostunu qatar stansiyasına çatdırmaq üçün tələsib. Lakin müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verməyib.
Qeyd edək ki, Yoro Fransanın "Lille" klubunda çıxış etdikdən sonra 2024-cü ilin iyul ayında "Manchester Yunayted" klubuna transfer olunub.