Menyu

"Qarabağ"ın müdafiəçisi: Bizim edə biləcəyimiz ən yaxşı oyunumuzu oynamaqdır

Operativ Media
"Qarabağ"ın müdafiəçisi: Bizim edə biləcəyimiz ən yaxşı oyunumuzu oynamaqdır

"Qarabağ"ın fərqi kollektivindədir.

Operativ Media xəbər verir ki, bunu "Qarabağ"ın braziliyalı müdafiəçisi Dani Bolt Braziliyanın "Ge" nəşrinə müsahibəsində deyib.

Dani Bolt “Qarabağ”da bir ildən az müddətdir çıxış etsə də, artıq klub tarixinin ən yaddaqalan heyətlərindən birinin üzvünə çevrilib. Azərbaycan təmsilçisi Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə uğrunda pley-off oyunlarında mübarizə aparır, bir sıra nəhəng klubları geridə qoyaraq tarixində ən yüksək mərhələyə yüksəlib. İlk oyunda “Nyukasl”a 1:6 hesabı ilə məğlub olmasına baxmayaraq, sabiq futbolçu komandadakı iş mühitinin təvazökarlığını və onu açıq qollarla qarşılayan “Qarabağ” klubuna minnətdarlığını vurğulayıb.

Onun sözlərinə görə, komandanın əsas üstünlüyü kollektiv ruhdur:

“Qarabağ”ın fərqi kollektivdədir. Çox güclü və çox təvazökar bir komandamız var. Qaçmaq lazım olanda qaçırıq, müdafiə olunmaq lazım olanda müdafiə olunuruq. Bu uğurda hər detalın payı var. Hər gün 1 faiz daha yaxşı olmağa çalışırıq. Bir oyunu qazanırsan, özünəinam artır, sonra digərini qazanırsan... Futbolda uğurun konkret formulu yoxdur. Şükürlər olsun ki, bizdə hər şey yaxşı gedir".

Dani “Fluminense” akademiyasının yetirməsidir. “Bolt” ləqəbi də məhz orada yaranıb. Bu ad onun sürətinə görə atletika üzrə olimpiya çempionu Useyn Boltun şərəfinə verilib və gənclik illərindən onu müşayiət edir. Azərbaycana gəldikdə isə bu ləqəb klubun təqdimatında xüsusi diqqət çəkib və maraq doğurub.

“Bolt” adı burada da müzakirə mövzusu oldu. Bir çox insan bununla bağlı sual verirdi. Mən də izah etdim ki, sürətimə görə belə çağırırlar, onlar üçün tərcümə etdim. Amma mənim üçün fərqi yoxdur, istər Daniel, istərsə də Bolt desinlər — deyə o, zarafatla bildirib".

Braziliyalı Azərbaycana uyğunlaşmaqdan danışarkən qeyd edib:

"Mədəniyyət Braziliyadan çox fərqlidir. Amma xaricdə yaşamaq təcrübəm çox müsbət olub. Klubda əla atmosfer var. İnsanlar çox qonaqpərvər və yardımsevərdir. Ölkə çox gözəldir, hər şey parıldayır. Həqiqətən də yaxşı bir təcrübədir".

Futbolçu ötən ilin iyulunda Portuqaliyanın II liqasında çıxış edən “Torreense” klubundan “Qarabağ”a transfer olunub. Braziliyada isə “Fluminense” və “Atletiko Paranaense”nin aşağı yaş qruplarında oynayıb, daha sonra “Vitoriya” və “Juventude”nin əsas komandalarında çıxış edib. O, 2023-cü ildə “Juventude”nin A Seriyasına yüksəlməsində pay sahibi olan heyətdə yer alıb.

Bu, “Qarabağ”ın Çempionlar Liqasındakı ikinci iştirakıdır və komanda artıq mühüm nəticələr əldə edib: “Benfika”nı 3:2 hesabı ilə məğlub edib, “Çelsi” ilə 2:2 hesablı heç-heçə edib və “Olimpik Marsel”, “Napoli” və “Vilyarreal” kimi klubları geridə qoyaraq pley-offa yüksəlib.

— “Bu, məqsədlərin reallaşması hissidir. Hər bir gənc futbolçu karyerasına başlayanda arzularından biri Çempionlar Liqasında oynamaq olur — bu, dünyanın ən nüfuzlu klub turniridir. Əlbəttə, bu səviyyəyə çatmaqla kifayətlənmirik, daim daha artığını istəyirik. Amma belə böyük komandalar və oyunçulara qarşı çıxış etdiyimiz üçün çox minnətdarıq" — deyə Dani Bolt bildirib.

Uğurlu yolun davamı pley-off mərhələsində istənilən kimi başlamayıb. “Qarabağ” ev oyununda “Nyukasl”a məğlub olub. Rəqib heyətində Entoni Qordon dörd qol vurub, Tia və Mörfi isə hərəyə bir dəfə fərqlənib. “Qarabağ”ın yeganə qolunu Elvin Cəfərquliyev vurub.

Bu gün keçiriləcək cavab oyununda Azərbaycan təmsilçisi mərhələ adlamaq üçün ən azı beş top fərqi ilə qalib gəlməlidir. Çətin tapşırıq olsa da, Dani vəziyyətə realist yanaşır:

— Bilirdik ki, bu, çox çətin sınaq olacaq. Dünyanın ən güclü çempionatlarından birində çıxış edən böyük komandaya qarşı oynayırıq. Amma gözləntilərimiz müsbətdir. Təkcə futbolda yox, həyatda da nəzarət edə bildiyimiz məsələlərə fokuslanmalıyıq. Bizim edə biləcəyimiz ən yaxşı 90 dəqiqəni keçirməkdir. Nə olacaqsa, olacaq — daha yaxşı oynayan tərəf mərhələ adlayacaq".

Əlaqəli Xəbərlər