Menyu

Kurban Berdiyev: Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir

Operativ Media
Kurban Berdiyev: Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir

Misli Premyer Liqasının 14-cü turunun təxirə salınmış oyununda “Turan Tovuz” səfərdə “Qəbələ”ni 3:0 hesabı ilə məğlub edib.

Operativ Media xəbər verir ki, Qərb təmsilçisinin baş məşqçisi Kurban Berdiyev qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında oyunu dəyərləndirib.

Təcrübəli mütəxəssis bildirib ki, rəqibdən ehtiyat etdiklərini gizlətməyiblər: "Qəbələ"dən bir az ehtiyat edirdik. Onların yaxşı komanda olduğunu bilirdik. Rəqibin sürətli hücumçuları var. İşimizin öhdəsindən gəldik. Uşaqlar pis oynamadılar".

Berdiyev qeyd edib ki, meydanda gözlədikləri rəqibi görüblər: "Necə rəqib gözləyirdiksə, onu da gördük. Birinci hissədə "Qəbələ"nin kifayət qədər qol epizodları oldu. Heç bir komanda üçün onlara qarşı oynamaq asan olmayıb".

Baş məşqçi Rəhim Sadıqovun mövqeyində edilən dəyişikliklə bağlı da danışıb. O, futbolçu ilə müzakirə apardıqlarını və onun dayaq yarımmüdafiəçisi kimi komandaya daha çox fayda verəcəyinə qərar verdiklərini bildirib.

Mövsümün əvvəlində komandanın oyunu ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirən Berdiyev zaman faktorunun vacibliyini vurğulayıb: "Komanda zamanla formalaşır. Buna bir neçə il lazım olur. Hər mövsümün özünün vəzifələri var. Bu mövsümün vəzifələri ötən mövsümdən fərqlidir. Buna uyğun olaraq irəliyə doğru addımlayırıq. Bəzən nəsə alınır, bəzən alınmır. Amma uşaqlar hara getdiklərini bilirlər. Bir az vaxt lazımdır".

Mütəxəssis turnir cədvəlində "Zirə" ilə xal fərqinin 5-ə yüksəlməsinə baxmayaraq, avrokubok hədəfi ilə bağlı ehtiyatlı danışıb: "Hələ deyə bilmərik. Ötən mövsüm bizə göstərdi ki, indidən nəsə demək tezdir. Hazırda Azərbaycan çempionatı o qədər rəqabətlidir ki, istənilən komanda digərindən xal ala bilər. Bu mövsüm gözlənilməz nəticələr qeydə alınır. Azərbaycan futbolu daha da güclü olub".

Əlaqəli Xəbərlər