Premyer Liqa klubları "Qarabağ"a görə UEFA-dan nə qədər qazanc əldə ediblər?
Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında, böyük ehtimalla, cari mövsümdə son oyununa çıxacaq.
Operativ Media xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov bu haqda "X" hesabında paylaşım edib.
Nazir bildirib ki, "Ağdam təmsilçisinin turnirdəki çıxışı təkcə idman baxımından deyil, iqtisadi göstəricilər baxımından da diqqət çəkib. Klubun Bakıda keçirdiyi ev oyunlarına 8500-ə yaxın xarici azarkeş səfər edib. Bu isə paytaxtda turizm, hotellər, ictimai iaşə və digər xidmət sahələrində canlanmaya səbəb olub.
Maliyyə baxımından da “Qarabağ”ın uğurlu çıxışı ölkə futboluna ciddi dividendlər qazandırıb. Klub UEFA tərəfindən təxminən 65,8 milyon manat vəsait əldə edib. Bundan əlavə, UEFA-nın həmrəylik mexanizmi çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış edən digər klubların hər biri təxminən 1,6 milyon manat əlavə gəlir əldə edəcək.
Beləliklə, “Qarabağ”ın Çempionlar Liqasındakı iştirakı həm beynəlxalq arenada ölkə futbolunun nüfuzunu artırıb, həm də Azərbaycanda real potensiala malik idman iqtisadiyyatına mühüm töhfə verib".