Menyu

Qurban Qurbanov: "Azərbaycan reallığında böyük təcrübə qazandıq"

Operativ Media
Qurban Qurbanov: "Azərbaycan reallığında böyük təcrübə qazandıq"

UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçirilən "Nyukasl" – "Qarabağ" qarşılaşmasından (3:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Operativ Media xəbər verir ki, mütəxəssis əvvəlcə futbolçularına təşəkkür edib:

"Futbolçularıma təşəkkür etmək istərdim. Maraqlı mövsüm keçirdilər. Hər birindən çox razıyam. Göstərdikləri oyuna, performansa və xarakterə görə minnətdaram. Son oyunda da özlərini maksimum dərəcədə yaxşı tərəfdən göstərdilər. Bakıdakı oyundan sonra psixoloji cəhətdən hazırlaşmaq çətin idi. Oyunun əvvəlində buraxılan qollara baxmayaraq, komandam oyundan qopmadı".

Baş məşqçi rəqib azarkeşlərə də təşəkkür edib:

"Nyukasl" azarkeşlərinə təşəkkür edirəm, bəzi məqamlarda bizə də dəstək oldular. Bakıya gələn fanatlar da razı qayıtmışdılar. Öz azarkeşlərimizə də minnətdaram. Bu uzun marafonda daim yanımızda oldular. Çalışdıq ki, onları sevindirək və böyük futbolun nə olduğunu göstərək".

Qurbanov builki Çempionlar Liqası yolunun komanda üçün böyük təcrübə olduğunu vurğulayıb:

"Hər oyun bizim üçün ciddi təcrübə idi. Böyük klublara qarşı oynadıq, fərqli sistemlərə malik rəqiblərlə üz-üzə gəldik. Xüsusilə ingilis komandalarına qarşı oynamaq böyük təcrübə qazandırdı. İngiltərə futbolu hazırda Avropada fərqlənir. Futbolçular fiziki və psixoloji baxımdan çox yoruldular. Buna baxmayaraq, qarşımıza maksimum məqsəd qoymuşduq və bacardığımız qədər irəli getdik. İndi tez toparlanmalı və qarşıdakı mövsümlərə hazırlaşmalıyıq".

Beşli müdafiə sistemi ilə bağlı suala cavabında baş məşqçi bildirib ki, bu seçim rəqibin gücü ilə bağlı olub:

"Bəzən elə rəqiblər olur ki, taktiki və fiziki baxımdan daha güclüdürlər. Belə hallarda sistem dəyişikliyinə gedirik. Bakıda və burada beşli müdafiəni seçməyimiz bununla bağlı idi. Əgər gələcəkdə çətinlik yaşasaq, dəyişikliklər edə bilərik".

Standart vəziyyətlərdən buraxılan qollar barədə danışan Qurbanov rəqibin bu komponentdə üstün olduğunu qeyd edib:

"Standart vəziyyətlərdə rəqib daha güclü idi. Hazırlıq görürük, məşqlərdə bunun üzərində çalışırıq. Amma etiraf etməliyik ki, bu gün standart vəziyyətlər qələbələrin böyük faizini təşkil edir. Ümumilikdə isə futbolun strukturunda Avropadan geri qalırıq. Futbol sürətlə inkişaf edir və biz də buna uyğunlaşmağa çalışırıq".

Təcrübəli mütəxəssis sonda Azərbaycan reallığında əldə olunan nəticəni yüksək qiymətləndirib:

"Bu ölkələr futbola böyük yatırımlar edir. Futbol yalnız meydandakı 11 nəfərdən ibarət deyil. İnfrastruktur, bərpa prosesi, sağlamlıq və digər detallar vacibdir. Buna baxmayaraq, futbolçularım qəhrəmanlıq göstərdilər. Cəsarətli oynadıq və böyük təcrübə qazandıq".

Əlaqəli Xəbərlər