Elvin Cəfərquliyev: Böyük klublarda oynamaq üçün daha yaxşı olmalıyam
"Nyukasl"la ilk oyunda səhvlərimiz həddindən artıq çox idi.
Operativ Media xəbər verir ki, bunu Ağdam təmsilçisinin 25 yaşlı müdafiəçisi Elvin Cəfərquliyev matçdan sonra "İctimai TV"yə verdiyi müsahibədə deyib.
Elvin Cəfərquliyev əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
"İlk növbədə bütün azarkeşlərimizə, Azərbaycan xalqına, komanda yoldaşlarıma və məşqçilər heyətinə təşəkkürümü bildirirəm. Bura qədər çox yaxşı yol gəldik. Bu mərhələ bizim üçün çox ağır oldu. Amma düşünürəm ki, yaxşı oyunlarımız oldu və layiqincə mübarizə apardıq. "Nyukasl"la ilk oyunda səhvlərimiz həddindən artıq çox idi. Bu gün geri dönüş etmək o qədər də inandırıcı görünmürdü. Amma məşqçimizin bizimlə söhbəti oldu ki, nə olursa-olsun, döyüşmədən meydanı tərk edə bilmərik. Biz də bunun üçün çalışırdıq – döyüşək və əlimizdən gələni edək. Ən azından formamızda Azərbaycan bayrağını daşıyırıq, "Qarabağ" adını təmsil edirik. Döyüşsüz meydandan çıxa bilmərik. Qollar buraxsaq da, çox yaxşı mübarizə apardıq. Buna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Bu, bizim üçün böyük təcrübə oldu. Belə bir şey yaşamamışdıq. Arzum odur ki, "Qarabağ" daha böyük nailiyyətlər qazansın".
Müdafiəçi şəxsi performansı və gələcək karyerası ilə bağlı da danışıb:
"İstəyərəm ki, Azərbaycan bayrağını və ölkəmizi Avropada layiqincə təmsil edim. Amma səbirli olmaq lazımdır. Gələcəkdə nələrin baş verəcəyini deyə bilmərəm. Hazırda "Qarabağ"dayam və burada mənim üçün hər şey əladır. Öz performansıma gəldikdə isə, günü-gündən daha yaxşı olmaq istəyirəm. Düşünürəm ki, bu, mənim tam performansım deyil. Bundan da yaxşı Elvin görə bilərsiniz. Daim öz üzərimdə işləyirəm ki, həm komandaya xeyirli olum, həm də azarkeşlər daha yaxşı Elvin izləsinlər".
Elvin Cəfərquliyev legioner həyatı ilə bağlı suallara da münasibət bildirib:
"Hamı mənə yaxınlaşıb soruşur ki, niyə legioner həyatı yaşamıram. Top-5 liqalarda oynamağımı istədiklərini deyirlər. Bunun üçün isə daha yaxşı Elvin görməlisiniz ki, böyük klublarda oynamaq mümkün olsun. Yaxşı təkliflər olsa, oturub düşünmək olar. Gələcəkdə nə olacağını isə zaman göstərəcək".