Yeniyetmə və gənc qız voleybolçuların seçimi Naxçıvanda yekunlaşıb
Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən yeniyetmə və gənc qız voleybolçular arasında keçirilən seleksiya prosesi başa çatıb.
Operativ Media xəbər verir ki, “Seçim günü”nün son mərhələsi Naxçıvanda təşkil olunub. AVF-nin Naxçıvan filialında məşq edən 2012–2013-cü il təvəllüdlü 100-ə yaxın voleybolçunun hazırlıq səviyyəsi yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən yoxlanılıb.
Seçim zamanı idmançılar müəyyən olunmuş normativlər üzrə sınaqlardan keçirilib, onların fiziki və texniki göstəriciləri məşqçilər heyəti tərəfindən qeydə alınıb. Seçim mərhələsini uğurla keçən idmançılar növbəti aylarda federasiya tərəfindən təşkil olunacaq təlim-məşq toplanışlarına cəlb olunacaqlar.
Qeyd edək ki, “Seçim günü”nə yanvar ayında start verilmiş, seçimlər Bakıda və regionlarda fəaliyyət göstərən Regional Voleybol Klublarında məşq edən idmançılar arasında aparılıb.