"Real Madrid"in baş məşqçisi: "Vinisius bizim liderimiz və bələdçimiz olmalıdır"
"Real Madrid"in baş məşqçisi Alvaro Arbeloa Çempionlar Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Benfika" üzərində qazanılan 2:1 hesablı qələbəni şərh edib.
Operativ Media xəbər verir ki, mütəxəssis turnirin çətinliyini və komandasının oyununu belə qiymətləndirib:
"Heç bir matç asan keçmir. Səbirli olmaq lazımdır, çünki Çempionlar Liqası Avropanın ən nüfuzlu yarışıdır. "Benfika"nın göstərdiyi təzyiq müdafiədən çıxmağımızı çətinləşdirdi. Boşluqlarımız olsa da, onlardan yararlana bilmədik. Fasilədən sonra oyunu düzəltdik və daha yaxşı çıxış etməyə başladıq. Tşuameninin qolu çox vacib idi. Son vaxtlar onun çıxışı barədə çox danışırıq; o, inanılmaz səviyyədədir. Ümid edirəm ki, bu, onun vuracağı çoxsaylı qollardan birincisidir."
Arbeloa həmçinin komandanın aparıcı üzvlərinin performansına da toxunub:
"Vinisius əla oyun nümayiş etdirdi, qol vurdu və rəqib qapısı önündə təhlükəli anlar yaratdı. O, artıq dəfələrlə 'Matçın adamı' (MVP) seçilib, ona görə də bu mükafatı Tşuameninin qazanması sevindiricidir – o, adətən diqqətdən kənarda qalan 'çirkli işləri' görür. Mbappe komandada olanda da Vinisiusa ehtiyacımız var idi, o getdikdən sonra isə bu ehtiyac daha da artıb. Vinisius bizim liderimiz və yol göstərənimiz olmalıdır. Onun fərq yarada biləcəyinə bir daha şahid olduq", – deyə baş məşqçi bildirib.
Xatırladaq ki, ilk görüşdə də 1:0 hesabı ilə qalib gələn "Real Madrid" Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanıb. Növbəti mərhələnin püşkatma mərasimi fevralın 27-si, cümə günü keçiriləcək.