Kriştiano Ronaldo İspaniya klubunun səhmdarı oldu
Dünya futbolunun canlı əfsanəsi Kriştiano Ronaldo İspaniyanın ikinci divizionunda (Segunda) çıxış edən "Almeriya" futbol klubunun 25%-lik səhmini satın alıb.
Operativ Media xəbər verir ki, bu haqda "Associated Press" agentliyi məlumat yayıb.
Portuqaliyalı hücumçu bu addımını yeni bir çağırış kimi qiymətləndirib:
"Meydandan kənarda da futbola töhfə vermək arzusunda idim. "Almeriya" möhkəm təməllərə və böyük inkişaf potensialına malik klubdur. Klubun inkişafının növbəti mərhələsini dəstəkləmək üçün rəhbərliklə birgə çalışmağı səbirsizliklə gözləyirəm".
Hazırda 41 yaşı olan Ronaldo futbol tarixinin ən titullu oyunçularından biridir. O, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu və ikiqat Millətlər Liqasının qalibidir. Ronaldo həm milli komandalar səviyyəsində, həm də Avropa çempionatı, Çempionlar Liqası və Klublararası Dünya Kuboku tarixində bütün zamanların ən məhsuldar oyunçusudur. Beşqat "Qızıl top" sahibi olan hücumçu karyerası ərzində "Sportinq", "Mançester Yunayted", "Real Madrid" və "Yuventus" kimi nəhənglərin formasını geyinib. Ulduz futbolçu 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir.
Qeyd edək ki, "Almeriya" hazırda İspaniya ikinci divizionunda keçirdiyi 27 oyundan sonra 48 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb və yüksək liqaya (La Liqa) vəsiqə qazanmaq üçün pley-off zonasındadır.