Menyu

Kənan Quluzadə: WUF13 Azərbaycanın turizm imkanlarının daha da genişlənməsinə təkan verir

Operativ Media
Kənan Quluzadə: WUF13 Azərbaycanın turizm imkanlarının daha da genişlənməsinə təkan verir

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) kimi beynəlxalq tədbirlər Azərbaycanın turizm imkanlarının daha da genişlənməsinə mühüm təkan verir.

Operativ Media xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə deyib.

O qeyd edib ki, Dövlət Turizm Agentliyi bu tədbir çərçivəsində turizm və mədəni irsə həsr olunmuş panel sessiyanın keçirilməsini təklif edib. Eyni zamanda, forum ərazisində Azərbaycanın görməli yerlərini, zəngin mədəni irsini və milli mətbəxini tanıdan xüsusi stend yaradılacaq.

“Bununla yanaşı, hotellər üçün təlim proqramlarına start verilib. Bakı və Abşeron ərazisində fəaliyyət göstərən hotel və ictimai iaşə obyektləri artıq bu təlimlərə cəlb olunub. Təxminən 200 iaşə obyektinə xüsusi menyular təqdim edilib və həmin menyularda Azərbaycan mətbəxi xüsusi yer tutur.

Hazırda Bakıda 3 turizm informasiya mərkəzi fəaliyyət göstərir və yaxın vaxtlarda dördüncü mərkəzin də istifadəyə verilməsi planlaşdırılır. Bundan əlavə, 24 marşrut üzrə turlar hazırlanıb və xarici qonaqlara yalnız Bakı deyil, həm də Azərbaycanın müxtəlif regionları təqdim olunacaq”,- deyə K.Quluzadə bildirib.

O, həmçinin vurğulayıb ki, bütün bu addımlar WUF13 çərçivəsində ölkəmizin turizm potensialının daha geniş auditoriyaya çatdırılmasına və Azərbaycanın beynəlxalq turizm xəritəsində mövqeyinin güclənməsinə xidmət edir.

Əlaqəli Xəbərlər