UEFA xəbərdarlıq edir: Maaşlar və əməliyyat xərcləri son 15 ilin maksimumuna yüksəlib
UEFA Avropa klublarının maliyyə dayanıqlığına dair illik hesabatını açıqlayıb.
Operativ Media xəbər verir ki, sənədə əsasən, yüksək liqa klublarının 2025-ci ildə vergiöncəsi ümumi gəlirləri tarixdə ilk dəfə 30 milyard avroya yaxınlaşsa da, ümumi balans mənfi olaraq qalıb.
UEFA gəlir artımının əsas səbəbləri kimi sponsorluq sazişlərini, transfer əməliyyatlarını və Avropa turnirlərində iştiraka görə ödənilən mükafat pullarının artmasını göstərib. Lakin gəlirlərlə yanaşı, əməliyyat xərclərində də artım müşahidə olunub. Belə ki, futbolçuların maaşları 4,8% yüksəlib, əməkhaqqı kənarındakı əməliyyat xərcləri isə ümumi gəlirin 36%-nə çatıb ki, bu da son 15 ilin ən yüksək göstəricisidir.
Ümumi gəlirlərin artmasına baxmayaraq, liqaların məruz qaldığı itkilər hələ də əhəmiyyətli səviyyədədir. Hesabatda bir neçə çempionatın maliyyə göstəriciləri əksini tapıb:
La Liqa klubları 296 milyon avro;
A Seriyası 255 milyon avro;
Fransa Liqası 112 milyon avro;
Yunanıstan çempionatı isə 92 milyon avro zərər edib.
Buna rəğmən, bir neçə klubun böyük məbləğdə itkiləri hesabat təqdim edən komandaların təxminən üçdə ikisinin ili mənfəətlə başa vurması faktını kölgədə qoymamalıdır. UEFA, həmçinin 2025-ci ildə cəmi 29 klubda sahibkar dəyişikliyi qeydə alıb ki, bu da ardıcıl üçüncü ildir azalan dinamika nümayiş etdirir. Qurum bunu özəl investorların diqqətinin nəzarət paketindən daha çox azlıq paylarına, strukturlaşdırılmış kapitala və özəl kreditlərə yönəlməsi ilə əlaqələndirir.