Menyu

Bank vətəndaşdan gizli komissiya tutub? - AÇIQLAMA

Ayşən Sadıxzadə
Bank vətəndaşdan gizli komissiya tutub? - AÇIQLAMA

Şərti adı A.B olan vətəndaş sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, o, “AzərTürk Bank”dan 20 min manat kredit götürüb. Lakin vəsait ona nağd şəkildə deyil, məcburi qaydada rəqəmsal kart vasitəsilə təqdim edilib.

Onun sözlərinə görə, pulu hissə-hissə çıxarmağa başladıqda əvvəlcə heç bir problem yaranmayıb. Ancaq 5 min manatdan sonra hər növbəti çıxarış üçün 1% komissiya tutulduğunu müşahidə edib. Ümumilikdə 9 min manat çıxardıqdan sonra bu şərti anladığını və prosesi dayandırdığını qeyd edib.

Müştəri iddia edir ki, bankla əlaqə saxladıqda ona aylıq 5 min manat çıxarış limiti olduğu, bu hədd keçildikdən sonra isə 1% komissiyanın tətbiq edildiyi bildirilib. Bundan əlavə, vəsait bir həftə ərzində çıxarılmadıqda əlavə faiz hesablandığı da vurğulanıb.

Şikayətçi bu şərtlərin kredit müqaviləsi imzalanarkən ona açıq və aydın şəkildə izah edilmədiyini bildirir.

Mövzu ilə bağlı Operativ Media bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib.

O bildirib ki, bank hesabından və ya kredit kartından nağd pul çıxarılarkən komissiya tutulması adi haldır:

“Bu, bank xidmətlərinin standart hissəsidir və qeyri-adi sayılmır. Çünki banklar da öz növbəsində nağd vəsaiti müəyyən xərclərlə əldə edir və bu xərclər müştəriyə komissiya kimi tətbiq olunur. Adətən bu şərtlər müqavilədə də öz əksini tapır.

Lakin bəzi hallarda müqavilədə elə şərtlər olur ki, onlar müştəri üçün gözlənilməz və qeyri-adi xarakter daşıyır. Məsələn, müəyyən müddət ərzində pul çıxarılmadıqda sonradan əlavə faizlərin hesablanması kimi şərtlər bu qəbildən sayıla bilər.

Belə hallarda Azərbaycan Respublikasının Mülki Məcəlləsi-nə görə, standart müqavilələrdə müştərinin ziyanına olan və əvvəlcədən aydın şəkildə bildirilməyən qeyri-adi şərtlər etibarsız hesab edilə bilər. Bu isə o deməkdir ki, vətəndaş belə hallarda məhkəməyə müraciət edərək həmin şərtin ləğvini tələb edə bilər.

Yəni, nağdlaşdırma komissiyası normaldır, amma sonradan əlavə və gözlənilməz faizlərin tətbiqi hüquqi baxımdan mübahisələndirilə bilər”.


Əlaqəli Xəbərlər