Menyu

Sabahdan elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

Operativ Media
Sabahdan elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir

Sabahdan etibarən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Operativ Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tütün və tütün məmulatı haqqında” Qanuna əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Elektron siqaret qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan, buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş, müştük və ya digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə ediləcək məhsuldur. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər.

Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Bu, tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gətirmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulatdır.

Beləliklə, nikotin tərkibli elektron siqaretlərin dövriyyəsi qadağan edilərək tütün məmulatı kimi təsnif ediləcək. Yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının və elektron siqaretlərin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə imkan yaradacaq.

Eyni zamanda uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Reklam haqqında” Qanunda müvafiq dəyişikliklər ediləcək. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və vergi dərəcələrinin ləğvi, həmçinin reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması daxildir.

Qanun 1 apreldən etibarən qüvvəyə minəcək.

Əlaqəli Xəbərlər