Viza üçün müraciət edərkən nələrə diqqət edilməlidir?
Xaricə səfər planlaşdıran şəxslər üçün viza prosedurları çox vaxt mürəkkəb və çətin mərhələ kimi qəbul olunur.
Turizm eksperti Rəhman Quliyev Operativ Media-ya bildirib ki, viza tələb olunan istiqamətlər arasında ən çox üstünlük verilənlərə Avropa ölkələri, xüsusilə Şengen zonası, eləcə də ABŞ, Kanada və Böyük Britaniya daxildir:
Ekspert qeyd edir ki, ən çox çətinliklər məhz yuxarıda qeyd olunan ölkələrə vizalarının alınması zamanı ortaya çıxır:
"Bu prosesdə əsas rol sənədlərin düzgün və tam şəkildə hazırlanmasına verilir. Müraciət zamanı təqdim olunan məlumatların – iş yeri, əmək haqqı, bank hesabı və digər maliyyə göstəricilərinin bir-biri ilə uyğunluğu xüsusi diqqətlə yoxlanılır. Uyğunsuzluq aşkar edildikdə isə bu, viza imtinasına səbəb ola bilər.
Bundan əlavə, səfər planının dəqiq qurulması da vacib şərtlərdən biridir. Müraciət zamanı göstərilən ölkəyə ilk girişin məhz həmin ölkədən edilməsi tövsiyə olunur. Eyni zamanda, səfirliyə təqdim edilən otel rezervasiyası və aviabiletin sonradan dəyişdirilməsi gələcək müraciətlərdə problemlər yarada bilər.
Səyahət sığortası da viza üçün əsas tələblər sırasındadır. Ümumilikdə, ekspertlər vurğulayır ki, viza imtinaları adətən səbəbsiz olmur – bu hallar daha çox natamam sənədlər, uyğunsuz məlumatlar və ya inandırıcı olmayan səfər planı ilə əlaqəli olur".
Turizm eksperti Ceyhun Aşurov isə bildirir ki, viza müraciətində uğur qazanmağın əsas yolu düzgün planlaşdırmadan keçir.
Onun sözlərinə görə, hər bir səfirliyin rəsmi veb-səhifəsində tələb olunan sənədlərin siyahısı açıq şəkildə təqdim olunur və müraciət etməzdən əvvəl bu məlumatlar diqqətlə öyrənilməlidir.
Ekspert əlavə edib ki, hər hansı sənədin çatışmaması və ya yanlış təqdim edilməsi müraciətin geri qaytarılmasına, vaxt itkisinə və hətta imtinaya səbəb ola bilər. Bu baxımdan sənədlərin dəqiqliyi və uyğunluğu xüsusi əhəmiyyət daşıyır.
Bununla yanaşı, prosesi daha rahat və risksiz idarə etmək istəyən şəxslər üçün peşəkar xidmət göstərən şirkətlərdən yararlanmaq da mümkündür. Bu cür dəstək sənədlərin düzgün hazırlanmasına və müraciət prosesinin daha səmərəli keçməsinə kömək edir.
Nəticə etibarilə, viza alma prosesi çətin olmaqdan çox diqqət və düzgün yanaşma tələb edən bir mərhələdir. Dəqiq planlama və tam sənədlərlə müraciət edən şəxslərin viza əldə etmə şansı daha yüksək olur.

