Deputat: "Koçaryanın populist bəyanatları Ermənistandakı revanşist yanaşmaların göstəricisidir"
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “mən hakimiyyətdə olsaydım, Azərbaycan Qarabağı geri ala bilməzdi” tipli populist və revanşist bəyanatları, həm Ermənistanın daxili siyasi mənzərəsini, həm də regionda gedən normallaşma prosesini analiz etmək üçün mühüm indikatorlardır.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Kamran Bayramov deyib.
O bildirib ki, Robert Koçaryanın və digər müxalif-millətçi qüvvələrin mütəmadi olaraq bu tezislə çıxış etməsi, Ermənistan daxili siyasətində revanşist yanaşmaların hələ də müəyyən bir kütlə üçün siyasi dividend gətirdiyini göstərir:
“Koçaryan və onun təmsil etdiyi "Qarabağ klanı" 30 ilə yaxın müddətdə Ermənistanda korrupsiyalaşmış bir sistem quraraq, ölkənin resurslarını talayıb və ordunun daxildən çökməsinə rəvac veriblər. Bu gün səslənən "mən olsaydım..." tezisi, faktiki olaraq hərbi-siyasi məğlubiyyətin məsuliyyətini indiki hakimiyyətin üzərinə yıxmaq və xalqın milli hisslərini manipulyasiya edərək yenidən siyasi elitaya qayıtmaq cəhdidir.
Ermənistan cəmiyyətində illərlə formalaşdırılmış "məğlubedilməz ordu" mifi 2020-ci ildə cəmi 44 gün ərzində darmadağın edildi. Koçaryan kimi siyasətçilər real vəziyyəti qəbul etmək əvəzinə, cəmiyyətə hələ də "revanş mümkündür" illüziyasını satmağa çalışırlar. Bu, Ermənistan siyasi spektrində rasional düşüncənin deyil, hələ də radikalizmin siyasi valyuta olaraq qaldığının sübutudur.
Rəsmi Bakı mütəmadi olaraq bəyan edir ki, Ermənistandakı revanşist qüvvələrin hər hansı bir canlanma cəhdi ölkənin özü üçün fəlakətlə nəticələnəcək.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Ermənistanda revanşizm baş qaldıracağı təqdirdə, Azərbaycan ordusu bunu dərhal və yerindəcə beşikdəcə boğacaqdır. "Dəmir yumruq" yerindədir və bu, sadəcə ritorika deyil, real xəbərdarlıqdır.
Bu növ bəyanatlar Azərbaycanla Ermənistan arasında post-münaqişə dövründə dayanıqlı sülhün bərqərar olunması istiqamətində atılan addımlara ciddi mənfi təsir göstərir və prosesi ləngidir.
Daxili siyasətdə Koçaryan və radikal müxalifətin təzyiqi altında qalan mövcud Ermənistan hakimiyyəti, "satqınlıq" ittihamlarından qorxaraq sülh prosesində daha çəkingən və qeyri-ardıcıl mövqe nümayiş etdirir. Bu, Ermənistanın sülh müqaviləsinin mətninə dair rəyləri gecikdirməsində, delimitasiya və demarkasiya prosesində bəzən geri addımlar atmasında özünü büruzə verir.
Koçaryanın iddiaları Ermənistanda hələ də Azərbaycana qarşı ərazi iddialarını özündə saxlayan hüquqi aktların (Müstəqillik Bəyannaməsi və mövcud Konstitusiya) dəyişdirilməsinə qarşı radikal müqavimət formalaşdırır. Azərbaycan isə sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından Azərbaycana qarşı birbaşa və ya dolayısı ilə mövcud olan ərazi iddialarının çıxarılmasını mütləq şərt kimi irəli sürür. Koçaryan ritorikası bu hüquqi islahatların qarşısını almağa yönəlib.
Bu cür bəyanatlar regionda etimadın qurulması prosesinə zərbə vurur. Kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi layihəsinin reallaşdırılması və iqtisadi inteqrasiya barədə danışıqların aparıldığı bir vaxtda, Ermənistanın keçmiş rəhbərliyinin müharibə və revanş ritorikası bölgədə gərginliyi süni şəkildə saxlayır və xarici investorlar üçün də mənfi siqnal ötürür”.