AQTA: İlk yarımildə 1600 tona yaxın yararsız məhsul məhv edilib
Cari ilin ilk 6 ayı ərzində Azərbaycanda 1600 tona yaxın yararsız məhsul dövriyyədən çıxarılaraq məhv edilib.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, cari ilin 6 ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə müxtəlif uyğunsuzluqlar aşkarlanıb. Ciddi nöqsanların müəyyən edildiyi 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Nöqsanları aradan qaldıran 95 müəssisənin fəaliyyəti isə sonradan bərpa olunub.
AQTA-nın məlumatına əsasən, yoxlamalar zamanı uyğunsuzluq aşkarlanan 1600 tona yaxın məhsul, 450 min litr və 130 min ədəd məhsul məhv edilib. Bundan əlavə, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul dövriyyədən yığışdırılıb.
Agentlikdən bildirilib ki, keçirilən reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30,7 ton ət, o cümlədən 432 kiloqram at əti də aşkarlanaraq məhv edilib.