İsti havada qida zəhərlənmələrindən necə qorunmaq olar?
Yay aylarında havanın isti keçməsi qida məhsullarında bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənmələri riskini artırır.
Operativ Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bu riskin qarşısını almaq üçün qidaların hazırlanması və saxlanması zamanı bir sıra qida təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Xüsusilə yay mövsümündə tez xarab olan ət, süd məhsulları, balıq və s. qidaların düzgün saxlanılması, hazırlanması və istehlakı vacibdir. İstifadə müddəti bitmiş, rəngi və qoxusu dəyişmiş məhsullardan istifadə edilməməlidir.
Məhsul alarkən onun etiket məlumatlarına, son istifadə tarixinə və qablaşdırmaya diqqət yetirilməli, tez xarab olan qidalar müvafiq temperatur rejimində saxlanılmalıdır. Meyvə və tərəvəzlər istehlakdan əvvəl yaxşı yuyulmalı, konserv məhsullarında şişkinlik və ya zədələnmə müşahidə olunduqda onlardan istifadə edilməməlidir.
Ət, toyuq və balıq məhsulları tam bişirilməli, çiy və hazır qidaların təmasına yol verilməməlidir. Yemək hazırlamazdan əvvəl və sonra əllər yuyulmalı, mətbəx alətləri və qida ilə təmasda olan səthlər təmiz saxlanılmalıdır.
Qida zəhərlənmələri ürəkbulanma, qusma, ishal, qarın ağrısı, halsızlıq və hərarətlə müşayiət oluna bilər. Bu əlamətlər müşahidə edildikdə dərhal həkimə müraciət etmək məsləhətdir.
Unutmaq olmaz ki, qida zəhərlənməsi diaqnozu yalnız həkim tərəfindən müəyyən edilir.