Menyu

Kimlərin gecə növbəsində işləməsinə yol verilmir?

Ayşən Sadıxzadə
Kimlərin gecə növbəsində işləməsinə yol verilmir?

Əmək münasibətlərində iş vaxtının düzgün təşkili həm işçilərin hüquqlarının qorunması, həm də əmək məhsuldarlığının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə gecə növbəsində işin təşkili ilə bağlı qanunvericilikdə müəyyən məhdudiyyətlər və xüsusi qaydalar nəzərdə tutulub. Bu qaydalar işçilərin sağlamlığının, təhlükəsizliyinin və sosial müdafiəsinin təmin edilməsinə xidmət edir. Buna görə də qanunvericilik bəzi kateqoriyadan olan şəxslərin gecə vaxtı işləməsinə ya tam qadağa qoyur, ya da bunun yalnız müəyyən şərtlər daxilində mümkün olmasını nəzərdə tutur.

Mövzu ilə bağlı Operativ Media-ya Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov danışıb.

O bildirib ki, əmək qanunvericiliyinə edilən son dəyişikliklərdən sonra gecə növbəsində işləmə ilə bağlı bəzi əvvəlki məhdudiyyətlər aradan qaldırılıb. Əvvəllər bir sıra kateqoriyadan olan işçilərin gecə vaxtı işləməsi ümumiyyətlə qadağan edilirdisə, beynəlxalq təşkilatlar qarşısında götürülmüş öhdəliklərə uyğun olaraq Əmək Məcəlləsinin 98-ci maddəsinə dəyişiklik edilib:

“Hazırda gecə vaxtı görülən işlərə cəlb olunması qadağan edilən əsas kateqoriya 18 yaşı tamam olmayan işçilərdir. Yəni yaşı 18-dən az olan şəxslərin gecə növbəsində işlədilməsi qanunvericiliyə əsasən yolverilməzdir.

Əlilliyi olan şəxslərin gecə növbəsinə cəlb edilməsi isə yalnız onların yazılı razılığı əsasında mümkündür. Bununla yanaşı, həmin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı müvafiq tibbi rəy də nəzərə alınmalıdır. Tibbi ekspertiza onların gecə və ya gündüz işləyə bilməsi ilə bağlı qiymətləndirmə aparır və bu rəyə uyğun qərar verilir.

Qanunvericilikdə hamilə qadınlar, 14 yaşınadək uşağı olan qadınlar, əlilliyi olan uşağa qulluq edən qadınlar, həmçinin 3 yaşınadək uşağı təkbaşına böyüdən kişilərlə bağlı da dəyişiklik edilib. Əvvəllər bu şəxslərin gecə növbəsinə cəlb olunması qadağan idi. Hazırda isə onlar yalnız öz yazılı razılığı olduqda gecə növbəsində işləyə bilərlər.

Bundan başqa, Əmək Məcəlləsinə “ailə qayğıları olan işçilər” anlayışı da əlavə edilib. Bu, xüsusilə növbəli iş rejimində çalışan şəxslərin hüquqlarının qorunmasına xidmət edir. Əgər işçinin ailə vəziyyəti, məsələn, azyaşlı uşağa qulluq etməsi gecə növbəsində işləməsinə mane olursa, işəgötürən imkan daxilində növbə cədvəlini tənzimləməli və həmin şəxsin ailə vəziyyətini nəzərə almalıdır. Məqsəd iş və ailə həyatı arasında balansın qorunmasını təmin etməkdir.

Beləliklə, 2025-ci ildən qüvvədə olan dəyişikliklərlə əvvəlki qadağaların əksəriyyəti ləğv edilib və onların yerini işçinin razılığına, sağlamlıq vəziyyətinə və ailə qayğılarına əsaslanan daha çevik hüquqi mexanizmlər tutub”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər