Milli Paralimpiya Komitəsi və “Neftçi” İdman Klubu arasında işgüzar görüş keçirilib
İyulun 21-də Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin və “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbərliyi arasında işgüzar görüş keçirilib.
Operativ Media xəbər verir ki, görüş zamanı gələcəkdə birgə layihələrin və idman tədbirlərinin təşkili, “Neftçi” İdman Klubunu beynəlxalq yarışlarda təmsil edən paralimpiyaçılara dəstəyin gücləndirilməsi, paraidman növlərinin təbliği, eləcə də yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, “Neftçi” İdman Klubu İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev və İdmanın İnkişafı Departamentinin rəisi Emil Kərimov iştirak ediblər.