ABŞ-də DÇ-2026 matçlarını qanunsuz yayımlayan iki minə yaxın sayt bağlanıb
ABŞ ədliyyə orqanları 2026-cı il dünya çempionatının qarşılaşmalarını yayım hüququ olmadan təqdim edən 2 minə yaxın internet resursunun fəaliyyətini dayandırıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin yaydığı rəsmi bəyanatda bildirilib.
Məlumata görə, bloklanan domenlərin yarıdan çoxu Kolumbiyanın (1140) payına düşür. Siyahıda növbəti yerləri Braziliya (309), Dominikan Respublikası (256), Peru (28) və Argentina (14) tutur. Resurslar İspaniya yığmasının Argentina üzərində 1:0 hesablı qələbəsi ilə başa çatan turnirin oyunlarını canlı yayımlayıb.
Bəyanatda ABŞ baş prokurorunun müavini A. Taysen Duvanın fikirlərinə də yer verilib. O qeyd edib ki, əqli mülkiyyət hüquqlarının qorunması çərçivəsində minlərlə pirat saytın bağlanması hökumətin FIFA Dünya Çempionatının uğurlu təşkilinə verdiyi dəstəyin göstəricisidir.
Sözügedən tədbirlər ABŞ hüquq-mühafizə orqanlarının həyata keçirdiyi "Qırmızı vərəqə" əməliyyatı daxilində gerçəkləşdirilib. Əməliyyat çərçivəsində Kolumbiyada idman geyimlərinin saxtalaşdırılmasına qarşı aparılan reydlər zamanı 11 nəfər saxlanılıb. Genişmiqyaslı əməliyyat ABŞ İmmiqrasiya və Gömrük Muhafizəsi Xidmətinin (ICE) Vaşinqton bürosu, Daxili Təhlükəsizlik Araşdırmaları Bölməsi (HSI) və Milli Əqli Mülkiyyət Hüquqlarının Əlaqələndirilməsi Mərkəzinin birgə araşdırmaları nəticəsində baş tutub.