Bögələrdə kirayə “A-Frame” evlərə tələbat necədir?
Qeyri-sabit hava şəraiti turizm sektoruna da təsirsiz ötüşməyib. Son aylarda müşahidə olunan yağışlı və sərin hava “A-frame” tipli istirahət evlərinə tələbatın azalmasına səbəb olub.
Bu barədə Operativ Media “Xəzər Xəbər”ə istinadən xəbər verir.
Bu evlərin kirayəsi ilə məşğul olan şəxslərin sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə rezervasiyaların sayında azalma müşahidə edilir.
Sifarişlərin bir qismi təxirə salınır, bəziləri isə tamamilə ləğv olunur.
Sahibkarlar bildirirlər ki, hava şəraitinin əlverişsiz keçməsi qiymətlərə də təsir göstərib. Bəzi obyektlərdə endirimlər tətbiq olunsa da, qapalı hovuzu olan evlərdə qiymətlər sabit qalır. Hazırda hovuzsuz evlərin günlük kirayə qiyməti 80-120 manat, hovuzlu evlərdə isə 150-200 manat arasında dəyişir.
Onların sözlərinə görə, əvvəlki illərdə aprel-may aylarından başlayaraq yay mövsümü üçün rezervasiyalar formalaşırdı. Bu il isə iyun ayının əvvəlində olmağımıza baxmayaraq, sifarişlər gözlənilən səviyyədə deyil.
“A-frame” tipli evlər əsasən təbiət qoynunda yerləşdiyindən insanlar bu məkanları açıq havada istirahət etmək, dağ mənzərəsindən zövq almaq, hovuz və digər əyləncə imkanlarından yararlanmaq üçün seçirlər. Lakin yağışlı və küləkli hava istirahət planlarını dəyişdirdiyindən turist marağı da azalır.
Ötən il bu vaxtlarda İsmayıllıda yerləşən bu tip evlər həftələrlə əvvəlcədən bron edilirdisə, bu il bəzi obyektlərdə boş günlərin sayı artıb. Müştəri cəlb etmək üçün bəzi sahibkarlar endirim kampaniyalarına da start veriblər.
Sahibkarların sözlərinə görə, ötən illərdə həm yay, həm də qış mövsümündə müştəri axını müşahidə olunurdu. Bu il isə davamlı yağışlar səbəbindən gələnlərin sayı xeyli azalıb. Bəzi turistlər hava şəraitindən narahat olduqları üçün yalnız bir gecə qalaraq geri qayıdırlar.
Şəkidə isə vəziyyət fərqlidir. Burada həm tələbatın, həm də qiymətlərin artdığı bildirilir. Sahibkarların sözlərinə görə, ötən il 80-100 manata kirayə verilən evlər bu il turist axınının çoxalması səbəbindən təxminən 150 manata təklif olunur. Xüsusilə bayram günləri və həftə sonlarında qiymətlər daha da yüksəlir.
Turistlər seçim zamanı evlərin yerləşdiyi əraziyə aparan yolun vəziyyətinə də diqqət yetirirlər. Onlar şəhər tipli avtomobillərlə rahat hərəkət edə biləcəkləri məkanlara üstünlük verirlər.
Sektor nümayəndələri hesab edirlər ki, yay aylarının ikinci yarısında günəşli havaların üstünlük təşkil etməsi turistik bölgələrə axını artıracaq və hazırkı vəziyyət müəyyən qədər kompensasiya olunacaq. Onlar havaların sabitləşməsi ilə rezervasiyaların yenidən artacağına ümid edirlər.
Bununla yanaşı, yeni istirahət obyektlərinin istifadəyə verilməsi bazarda rəqabəti gücləndirsə də, ümumi tələbatın yüksək qalacağı proqnozlaşdırılır.