İlham Əliyev Qırğızıstanda qolf klubunun açılışında iştirak edib - YENİLƏNİB
İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birlikdə Çolpon-Ata şəhərindəki “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubun açılışında iştirak edib.
Operativ Media xəbər verir ki, əvvəlcə “Issyk-Kul Golf Resort” kompleksi və Qolf Klub barədə videoçarx nümayiş olundu.
Qolf Klub İssık-Kul gölünün sahilində “Issyk-Kul Golf Resort” çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Qolf Klubun payına düşür.
Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İssık-Kula turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında qolf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı Qolf Klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Burada qolf akademiyasının yaradılması və müxtəlif səviyyəli qolf turnirlərinin keçirilməsi nəzərdə tutulur.
Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubla yanaşı, ümumilikdə dörd və beşulduzlu bir neçə hotel, restoranlar, çimərlik sahələri olacaq.
Qırğızıstan Qolf Federasiyasının prezidenti Xomeni Erqeşov çıxış edərək dövlət başçılarını salamladı.
Sonra Qırğızıstan Prezidenti Sadır Japarov çıxış etdi.
Daha sonra dövlət başçıları “Issyk-Kul Golf Resort” kompleksinin ərazisini gəzdilər, burada qolf oyununun rəmzi başlama mərasimində iştirak etdilər.
19:20
Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstana dövlət səfəri çərçivəsində qolf klubunun açılış mərasimində iştirak edib.
Operativ Media xəbər verir ki, tədbirdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov da iştirak ediblər.
Mərasimdə dörd ölkənin liderləri bir araya gələrək xatirə şəkli çəkdiriblər.