Xarici jurnalistlər Azərbaycanda işləmək üçün nə etməlidir? – Akkreditasiya qaydaları
Xarici media nümayəndələrinin Azərbaycanda jurnalist və operator fəaliyyəti ilə məşğul olması üçün akkreditasiya tələb olunur və bunun üçün Xarici İşlər Nazirliyinə (XİN) müəyyən edilmiş sənədlər təqdim edilməlidir.
Operativ Media xəbər verir ki, akkreditasiya üçün xarici media nümayəndəsinin təmsil etdiyi media subyektinin nümayəndəliyinin rəhbəri və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu, doldurulmuş ərizə-anket, iki ədəd 3x4 santimetr ölçüdə rəngli fotoşəkil, pasportun və ya digər sərhədkeçmə sənədinin surəti, xidməti vəsiqənin surəti və tərcümeyi-hal tələb olunur.
Sənədlər XİN-ə poçt vasitəsilə, Azərbaycanın diplomatik nümayəndəlikləri və ya konsulluqları üzərindən, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər.
Xarici media nümayəndəsinin akkreditasiyası ilə bağlı müraciətə 30 gün ərzində baxılır. Müraciət müsbət nəticələndikdə jurnalist və ya operatora akkreditasiya kartı verilir və həmin kart etibarlı olduğu müddətdə Azərbaycanda peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yaradır.
Akkreditasiya peşə fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan müddətə, lakin 1 ildən artıq olmamaq şərtilə verilir. Uzunmüddətli akkreditasiya 1 il müddətinə, qısamüddətli akkreditasiya isə konkret səfər müddətinə rəsmiləşdirilir.
Akkreditasiya müddəti başa çatdıqdan sonra xarici media nümayəndəsi müddətin uzadılması və ya yenidən akkreditasiya üçün XİN-ə müraciət edə bilər.
Akkreditasiyadan təqdim olunan sənədlər tələblərə uyğun olmadıqda, saxta və ya yanlış məlumat verildikdə, jurnalistin Azərbaycan ərazisinə qanunvericiliyin tələblərinə əməl etmədən daxil olması və ya əvvəllər belə halın baş verməsi barədə məlumat olduqda imtina edilə bilər.
Həmçinin xarici media nümayəndəsinin Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyətinin aşkar edilməsi akkreditasiyadan imtina üçün əsas sayılır.
Akkreditasiya kartı jurnalistin özünə XİN-dən təqdim edilir və başqa şəxsə verilə bilməz. Kart itirildikdə isə bu barədə dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verilməlidir.
İtirilmiş kartın dublikatının verilməsi üçün jurnalistin kartı itirdiyinə dair ərizəsi və iki ədəd 3x4 santimetr ölçüdə rəngli fotoşəkil təqdim etməsi tələb olunur. Dublikatın verilməsi barədə müraciətə 3 iş günü ərzində baxılır.
Akkreditasiya qaydalarının pozulması, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət göstərilməsi, qanunvericiliyin tələblərinə əməl edilmədən ölkəyə daxil olunması və ya əvvəllər belə halın mövcud olması, eləcə də təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatların yayılması akkreditasiyanın ləğvinə səbəb ola bilər.
Xarici media nümayəndəsinin peşə fəaliyyətinin vaxtından əvvəl başa çatması, akkreditasiya kartının etibarlılıq müddətinin bitməsi və ya akkreditasiyanın ləğv edilməsi zamanı kart XİN-ə təhvil verilməlidir.
Əcnəbi və ya vətəndaşlığı olmayan xarici media nümayəndələrinin Azərbaycana gəlməsi və ölkədən getməsi, müvəqqəti qalması, onlara müvəqqəti və daimi yaşamaq icazələrinin verilməsi və qeydiyyata alınması isə Miqrasiya Məcəlləsi ilə tənzimlənir.
dəqiqələr içində saytın olsun.