ASAN AI Hub-da bu günədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub
ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) “ASAN xidmət”in tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi” tərəfindən 2 dekabr 2025-ci il tarixində yaradılıb. Platforma Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağındakı çıxışı zamanı dövlət orqanlarına ünvanladığı göstərişinə uyğun olaraq formalaşdırılıb.
Operativ Media xəbər verir ki, mərkəzin əsas məqsədi Azərbaycanda süni intellekt (Sİ) sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada — www.asanhub.ai — bir araya gətirməkdir.
Platforma açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə xidmət edir. Real texnoloji problemlər və ehtiyaclar platformada açıq şəkildə elan olunur. Tələbələr, universitet və elmi müəssisələrin nümayəndələri, sahibkarlar və digər maraqlı tərəflər öz həlləri ilə müraciət edərək mükafat fondu uğrunda müsabiqədə iştirak etmək imkanı əldə edirlər. Bu günədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub.
ASAN AI Hub tədqiqat fəaliyyətlərinin dəstəklənməsi və süni intellekt sahəsində elmi potensialın inkişafına töhfə vermək məqsədilə ölkədə fəaliyyət göstərən 8 universitet və Azərbaycan Milli Elmlər Akademiyası ilə, eyni zamanda elmi əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra nüfuzlu xarici universitetlərlə də əməkdaşlıq əlaqələri qurub - Tsinghua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə).
ASAN AI Hub süni intellekt sahəsində maarifləndirməyə və insan kapitalının inkişafına xüsusi önəm verir. Bu məqsədlə Hub Apolitical, Duco Digital Learning, AI Certs+, MinnaLearn, AI Academy Asia, GenAI Works, Breakthrough Social Enterprise və Geneva Innovation Movement Association kimi beynəlxalq tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub və onların təqdim etdiyi onlayn təlim imkanlarını yerli istifadəçilər üçün əlçatan edib.
dəqiqələr içində saytın olsun.