"Volkswagen" ilin üçüncü rübündə 5,8 milyard avro zərər edib
Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" 2026-cı ilin iyul-sentyabr aylarında 5,8 milyard avro xalis zərərlə üzləşib.
Operativ Media xəbər verir ki, bu barədə şirkətin rüblük maliyyə hesabatında bildirilib.
Məlumata görə, ötən ilin eyni dövründə şirkətin zərəri 1 milyard avrodan bir qədər çox olub. Beləliklə, Volkswagen-in zərəri illik müqayisədə təxminən altı dəfə artıb.
Hesabat dövründə şirkətin ümumi gəliri 75 milyard avro təşkil edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,3 faiz azdır.
İyul-sentyabr aylarında "Volkswagen Group" müştərilərə təxminən 1,9 milyon avtomobil tədarük edib. Bu göstərici illik müqayisədə 14,3 faiz azalıb.
Şirkət satışların azalmasını ABŞ-ın tətbiq etdiyi tariflər, Çində satışların zəifləməsi və Avropa bazarında rəqabətin güclənməsi ilə əlaqələndirib.
"Volkswagen"in baş maliyyə direktoru Arno Antlits bildirib: “İlk doqquz ayın maliyyə nəticələri açıq şəkildə göstərir ki, biz vaxt itirə bilmərik və qətiyyətlə hərəkət etməliyik”.