İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun açılış mərasimi keçirilib - YENİLƏNİB
Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (2nd Azerbaijan International Investment Forum – “AIIF 2026”) açılış mərasimi keçirilib.
Operativ Media xəbər verir ki, tədbirin açılışında Prezident İlham Əliyevin İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciəti oxunub. Müraciəti Baş nazirin müavini Samir Şərifov təqdim edib.
İqtisadiyyat Nazirliyi və “The European House – Ambrosetti & TEHA Group”un strateji tərəfdaşlığı ilə keçirilən Forum 2 gün davam edəcək. Tədbir “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunub. Forum yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və yeni iqtisadi imkanların yaradılması baxımından mühüm platformadır. Məqsəd - konkret layihələr üzrə tərəfdaşlıqlar qurmaq və qarşılıqlı rifaha xidmət edən birgə fəaliyyət mexanizmləri formalaşdırmaqdır.
Forum çərçivəsində təşkil ediləcək sessiyalarda qlobal iqtisadi və geosiyasi proseslərin iqtisadi artıma və investisiyalara təsiri, bu fonda Azərbaycanın strateji mövqeyi, regional bağlantı və investisiya imkanları, müxtəlif sahələrə aid əməkdaşlıq perspektivləri müzakirə olunacaq.
Beynəlxalq iqtisadi tədbir çərçivəsində Azərbaycana aid qurumların müxtəlif xarici şirkət və tərəfdaşlarla işbirliyinə dair sənədlər imzalaması və mübadiləsi nəzərdə tutulur.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni investisiya istiqamətlərinin və əməkdaşlıq imkanlarının təşviqinə, Azərbaycanın regional iqtisadi bağlantılarda rolunun genişlənməsinə və perspektivli layihələrin reallaşdırılmasına töhfə verəcəyi gözlənilir.
09:35
Bakıda Prezident İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu öz fəaliyyətinə başlayıb.
Operativ Media xəbər verir ki, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – "Ambrosetti"nin strateji tərəfdaşlığı ilə keçirilən Forum "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi" mövzusuna həsr olunub.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirir.
Tədbir zamanı plenar iclas və panel sessiyalarda Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi mövzuların müzakirə olunacağı nəzərdə tutulub.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni ideya və təşəbbüslərin konkret layihələrə çevrilməsinə, xarici investorlarla əməkdaşlığın genişlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb.
Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.