Azərbaycanda payız mövsümündə daxili turizmə maraq hansı istiqamətlərdə artır?
Yay mövsümünün başa çatması ilə Azərbaycanda daxili turizmdə istiqamətlər və səyahət motivləri dəyişir. Dənizkənarı istirahətə tələbin azalması fonunda dağ-meşə, ekoturizm, kənd həyatı, qastronomiya və mədəni irslə bağlı səfərlər ön plana çıxır. Bəs payız aylarında azərbaycanlı turistlər daha çox hansı bölgələrə üz tutur və daxili turizmdə hansı istiqamətlərə maraq artır?
Mövzu ilə bağlı Operativ Media-ya Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi danışıb.

O bildirib ki, 2026-cı il üzrə payız mövsümünün regionlar üzrə tam statistikası hələ formalaşmadığından, hazırda hansı rayonda daxili turist axınının neçə faiz artdığını və ya azaldığını dəqiq demək tezdir. Son açıqlanan rəsmi hotel statistikası yanvar–iyun dövrünü əhatə edir:
“Həmin dövrdə hotel gecələmələrinin 58,8 faizi Bakının payına düşüb. Regionlar arasında isə Qusar 5,9 faiz, Naftalan 5,5 faiz, Qəbələ 3,4 faiz, Quba 3,1 faiz və Lənkəran 3,0 faizlə daha yüksək paya malik olub. Ölkə üzrə hotel gecələmələrinin ümumi sayı isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,3 faiz azalıb. Buna görə də payızla bağlı hazırkı qiymətləndirmələri yekun statistik nəticə kimi deyil, mövsümi tendensiya kimi təqdim etmək daha doğrudur.
Payızın gəlişi ilə daxili turizmin coğrafiyası və səfər motivləri də dəyişir. Dəniz və çimərlik turizminə bağlı Abşeron sahili, Xaçmaz–Nabran kimi istiqamətlərdə yay ayları ilə müqayisədə tələbin zəifləməsi təbiidir. Əvəzində Quba–Qusar, Şamaxı–İsmayıllı, Qəbələ–Şəki kimi dağ-meşə və mədəni irs destinasiyalarının cəlbediciliyi artır.
Lənkəran–Astara–Lerik istiqaməti də payız mənzərələri, kənd həyatı, yerli mətbəx və ekoturizm imkanları ilə mövsüm üçün maraqlı turizm məhsulu təqdim edir. Bu dövrdə haykinq, trekinq, milli parklar, biomüxtəlifliyin müşahidəsi, kənd və qastronomiya təcrübələri daha böyük əhəmiyyət qazanır. Dövlət Proqramında da təbiət və aktiv turizm, dağ-piyada marşrutları və biomüxtəlifliyin müşahidəsinə əsaslanan turizm ayrıca inkişaf istiqamətləri kimi müəyyən edilib.
Naftalan kimi sağlamlıq və müalicə turizmi mərkəzlərinin üstünlüyü isə mövsümilikdən nisbətən az asılı olmasıdır. Bu səbəbdən yay mövsümü başa çatdıqdan sonra da belə destinasiyalar turist qəbulunu davam etdirə bilir.
Qarabağ və Şərqi Zəngəzurda Şuşa, Laçın və digər açılan istiqamətlər də daxili turizmin yeni coğrafiyasını formalaşdırır. Lakin bu ərazilər üzrə “artım” ifadəsini konkret rəqəmlərlə işlətmək üçün daha geniş və müqayisəli statistikanın açıqlanmasını gözləmək lazımdır.
Payız turizminin digər mühüm komponenti isə hadisə turizmidir. Bunun ən aydın nümunələrindən biri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisidir. 2026-cı ildə yarış proqramı 24–26 sentyabr tarixlərini əhatə edib və Bakı şəhərini payız mövsümünün əvvəlində yenidən böyük turizm və əyləncə mərkəzinə çevirib.
Formula 1 əsasən beynəlxalq turist axını yaratsa da, regionlardan Bakıya gələn yerli tamaşaçılar, qısa səfərlər, restoran, yerləşmə, nəqliyyat və əyləncə xidmətlərinə yaranan əlavə tələbat baxımından daxili turizmə də təsir göstərir. Bu səbəbdən payız turizmini yalnız regionlara istirahət səfərləri ilə məhdudlaşdırmaq olmaz. Bakı bu dövrdə şəhər, tədbir, mədəniyyət və işgüzar turizmin mühüm mərkəzi olaraq qalır.
Ümumilikdə, payızı Azərbaycanda “zəif turizm mövsümü” kimi deyil, turizm məhsulunun dəyişdiyi dövr kimi qiymətləndirmək daha doğru olar. Yayda dəniz və klassik istirahət üstünlük təşkil edirsə, payızda təbiət, ekoturizm, kənd və qastronomiya turizmi, mədəni marşrutlar, sağlamlıq turizmi və iri tədbirlər ön plana keçir.
Dövlət Proqramında da oktyabr ayı potensial turizm mövsümü kimi qiymətləndirilir və düzgün marketinq, qiymət siyasəti və məhsulların çeşidləndirilməsi ilə mövsümiliyin azaldılmasının mümkün olduğu qeyd edilir. Bu baxımdan əsas məsələ turist axınının yaydan sonra dayanması deyil, onun müxtəlif regionlar və fərqli turizm məhsulları arasında yenidən bölüşdürülməsidir”.
Turizm eksperti Rəhman Quliyev isə bildirib ki, payız mövsümündə Azərbaycanda daxili turizmə maraq xüsusilə təbiəti və zəngin mətbəxi ilə seçilən bölgələrdə artır. Qəbələ, Quba, Qusar, Şəki, İsmayıllı, Zaqatala və Şamaxı bu dövrdə turistlərin daha çox üz tutduğu istiqamətlər sırasında yer alır:

“Xüsusilə meşələrin payız rənglərinə bürünməsi bölgələrə səyahət üçün əlavə cəlbedicilik yaradır.
Bu mövsümdə həftəsonu turları, kənd turizmi, ekoturizm və gastronomiya turlarına marağın artdığını müşahidə edirik. Quba-Qusar istiqaməti təbiət və dağ mənzərələri, Qəbələ-İsmayıllı xətti isə istirahət və aktiv turizm imkanları ilə seçilir. Şəki və Zaqatala kimi bölgələrdə isə tarixi-mədəni irs və milli mətbəx turistlər üçün əsas maraq mənbələrindəndir.
Eyni zamanda, payız aylarında bölgələrdə keçirilən müxtəlif tədbirlər və mövsümi festivallar daxili turizmə əlavə stimul verir. Ümumilikdə, payız Azərbaycanda daxili turizm üçün ən əlverişli mövsümlərdən biridir və düzgün turizm məhsullarının təqdimatı bölgələrə turist axınını daha da artıra bilər”.
dəqiqələr içində saytın olsun.