Menyu

Azərbaycan Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Operativ Media
Azərbaycan Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub
2 dəq oxu

“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində Kənd Təsərrüfatı Nazirliyində yaradılmış “Buğda-Pambıq İcra qrupu”nun üzvlərindən ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdə olub.

Bu barədə Operativ Media-ya nazirlikdən məlumat verilib.

Nümayəndə heyətinin tərkibində təmsil olunan Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Pərviz Yusifov, baş məsləhətçilər İzzət Talıbov və Zaur Abbasov Çinin Korla və Çangşa şəhərlərində müasir əkin texnologiyaları, avtomatlaşdırılmış məhsul yığımı, toxumçuluq və innovativ emal prosesləri ilə tanış olublar.

Səfər çərçivəsində Sincan Uyğur Muxtar Rayonunun Korla şəhərində yerləşən “Xinjiang Seed Industry Co., Ltd.” şirkətinin rəhbərliyi ilə görüş keçirilib. Görüşdə pambıqçılıqda müasir texnologiyaların tətbiqi, yeni sortların yetişdirilməsi, suvarma sistemləri və məhsul yığımının avtomatlaşdırılması məsələləri müzakirə olunub.

Nümayəndə heyəti şirkətin pambıq əkin sahələrinə və yeni sortların nümayiş sahələrinə baxış keçirib. Baxış zamanı müasir əkin və suvarma texnologiyalarının tətbiqi, pambıq bitkisinin inkişaf xüsusiyyətləri və məhsuldarlıq göstəriciləri ilə bağlı məlumat verilib. Bildirilib ki, regionda pambıqçılıqda əsasən zərərvericilərə və xəstəliklərə davamlı genetik modifikasiya olunmuş sortlardan istifadə edilir. Əkin sahələrində damcı suvarma sistemləri tətbiq olunur, məhsul yığımı isə müasir pambıqyığan kombaynlar vasitəsilə həyata keçirilir. Pambığın yığım və tədarük prosesinin mexanikləşdirilməsi əmək məhsuldarlığının artırılmasına və istehsal prosesinin optimallaşdırılmasına imkan verir.

Səfər zamanı pambıq istehsalında torpaq və su resurslarından səmərəli istifadə, müasir aqrotexniki yanaşmalar, yüksək məhsuldar sortların tətbiqi və istehsal xərclərinin optimallaşdırılması istiqamətində də Çin təcrübəsi öyrənilib.

Hunan vilayətinin Çangşa şəhərində yerləşən “Longping High-Tech Park”nda olan nümayəndə heyəti yüksək texnologiyalar sənaye parkında toxumçuluq, yeni sortların yaradılması, molekulyar seleksiya və genetik tədqiqatlar, hibrid düyü, qarğıdalı və tərəvəz toxumlarının istehsalı, rəqəmsal kənd təsərrüfatı və ağıllı əkinçilik, eləcə də aqrokimyəvi məhsullar və bitki qidalanması üzrə həyata keçirilən işlərlə tanış olublar.

Səfər çərçivəsində şirkətin rəhbərliyi və aqrar sahədə fəaliyyət göstərən mütəxəssislərlə görüşlər keçirilib, çəltik sahələrinə və yeni sortların nümayiş sahələrinə baxış keçirilib, innovativ seleksiya və toxumçuluq texnologiyalarının tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Çin təcrübəsinin öyrənilməsi kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi, məhsuldarlığın artırılması, su və digər resurslardan səmərəli istifadə, toxumçuluğun inkişafı və innovativ yanaşmaların genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər