Yol polisi at arabalarını idarə edənlərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxslərə xəbərdarlıq edib.
Operativ Media-ya bu barədə İdarədən məlumat verilib.
Məhsul yığımı ilə əlaqədar ümumi istifadədə olan yollarda at arabalarının hərəkəti intensivləşib. Lakin, təhlükəsiz qaydalarına riayət edilməməsi səbəbindən bu növ nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının artması da, ciddi narahatlıq doğurur.
Son bir ay ərzində at arabalarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 1 nəfər həyatını itirib, 3 nəfər xəsarət alıb. Sentyabrın 22-də Cəlilabad rayonunda sutkanın qaranlıq vaxtı minik avtomobili ilə at arabasının toqquşması nəticəsində arabada olan 3 nəfər xəsarət alıb. Sentyabrın 27-də Bərdə rayonunda baş verən hadisədə isə arabaçı həyatını itirib.
Bu hadisələr bir daha göstərir ki, at arabalarının yolda hərəkəti zamanı təhlükəsizlik tələblərinə laqeyd yanaşmaq ağır nəticələrə gətirib çıxara bilər. At arabaları da ümumi istifadədə olan yollarda hərəkət etdikdə müəyyən edilmiş qaydalara uyğun idarə olunmalıdır. Qaydalara əsasən:
At arabasını ümumi istifadədə olan yollarda 14 yaşına çatmış şəxslər idarə edə bilərlər. At arabaları yolun sağ kənar zolağında, mümkün qədər sağ tərəflə və bir cərgədə hərəkət etməlidir. Görünmə məhdud olan yerdə yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan əsas yola çıxarkən araba sürücüsü heyvanı cilovundan tutaraq aparmalıdır. At arabaları işıq əks etdirən qurğularla təchiz edilməli, sürücüləri svetoforun və nizamlayıcının işarələrinə, yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə əməl etməlidirlər. Sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində at arabası dəmir yollarından keçirilməməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi at arabalarını idarə edən şəxsləri qaydalara ciddi əməl etməyə, xüsusilə sutkanın qaranlıq vaxtı görünmə və təhlükəsizlik tələblərinə diqqətlə yanaşmağa çağırır.
dəqiqələr içində saytın olsun.