Menyu

Kürü alarkən nələrə diqqət yetirmək lazımdır?

Ayşən Sadıxzadə
Kürü alarkən nələrə diqqət yetirmək lazımdır?
2 dəq oxu

Təbii kürünü saxta məhsuldan ayırd etmək üçün onun mənşəyinə, etiket məlumatlarına, saxlanma şəraitinə və keyfiyyətini təsdiq edən sənədlərə diqqət yetirmək lazımdır. Xüsusilə həddindən artıq ucuz qiymətə təklif olunan, mənşəyi bəlli olmayan və müvafiq sənədləri təqdim edilməyən məhsulların alınması risklidir.

Bu sözləri Operativ Media-ya Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib. 

O bildirib ki, kürü alarkən istehlakçılar bəzən aldadılırlar. Belə ki, satış zamanı daha keyfiyyətli və təbii görünən məhsul nümayiş etdirilsə də, alıcıya başqa qabdakı kürü təklif oluna bilər. Buna görə də məhsulun görünüşü ilə yanaşı, qablaşdırmasına, mənşəyinə və keyfiyyətini təsdiq edən sənədlərə də diqqət yetirilməlidir:

“Açıq qabda, etiketsiz və mənşəyi bəlli olmayan kürünün alınması tövsiyə edilmir. Məhsulun keyfiyyətini təsdiq edən sənədlərin təqdim edilməməsi və ya satıcının bu sənədləri göstərməkdən yayınması şübhə yaradan hallardır. Kürünün təbii olub-olmadığını dəqiq müəyyənləşdirmək üçün laboratoriya analizlərinin aparılması da vacibdir.

Məhsulun saxlanma şəraiti də diqqətdə saxlanılmalıdır. Kürü birbaşa günəş şüaları altında saxlanılmamalı, onun üçün nəzərdə tutulan temperatur rejiminə əməl edilməlidir. Alış zamanı çekin, qiymətin və ödəniş məlumatlarının yoxlanılması da əhəmiyyətlidir. Bəzi hallarda istehlakçılar məhsulun çəkisini və ödəniş məbləğini yoxlamadan alış-veriş edirlər ki, bu da onların hüquqlarının pozulmasına səbəb ola bilər.

Süni kürü, əsasən, jelatin, yosun ekstraktı və müxtəlif qatqı maddələrindən istifadə edilməklə hazırlanır. Bəzi hallarda məhsula təbii balıq qoxusu vermək üçün aromatizatorlardan da istifadə olunur. Buna görə süni kürünün görünüşü və qoxusu təbii məhsula bənzəsə də, bu xüsusiyyətlər onun həqiqiliyini təsdiqləmək üçün kifayət etmir.

Təbii və süni kürünü fərqləndirmək üçün müxtəlif ev üsullarından da istifadə olunur. Məsələn, məhsulun qızdırıldıqda və ya isti suya salındıqda verdiyi reaksiyaya diqqət yetirilir. Süni kürünün tərkibindən asılı olaraq yumşalması, əriməsi və ya formasını itirməsi mümkündür. Təbii kürü isə balıq yumurtası olduğuna görə qızdırıldıqda tərkibindəki zülalların təsiri ilə laxtalana və formasında dəyişiklik yarana bilər.

Bununla belə, ev şəraitində aparılan bu cür yoxlamalar kürünün təbii və ya süni olduğunu qəti şəkildə müəyyənləşdirmir. Müasir üsullarla hazırlanan süni kürü görünüşünə və dadına görə təbii məhsula kifayət qədər bənzəyə bilər. Buna görə də yalnız rəngə, qoxuya, dənəciklərin ölçüsünə və formasına əsaslanaraq qərar vermək düzgün deyil.

Kürünün dənəciklərinin ölçüsü, rəngi və quruluşu balığın növündən asılı olaraq dəyişə bilər. Süni kürüdə dənəciklər bəzən eyni ölçüdə və formada olur. Lakin bu, yalnız ilkin müşahidə əlamətidir və məhsulun saxta olduğunu qəti şəkildə sübut etmir.

İstehlakçılar kürü alarkən qablaşdırmanın üzərindəki məlumatları da diqqətlə yoxlamalıdırlar. Etiketdə istehsalçı şirkət, məhsulun tərkibi və mənşəyi, istehsal və son istifadə tarixləri, eləcə də saxlanma şəraiti aydın göstərilməlidir. Məhsulun mənşəyini və keyfiyyətini təsdiq edən sənədlərin yoxlanılması da vacibdir.

Kürü haqqında kifayət qədər məlumatı olmayan alıcıların yalnız satıcının şifahi məlumatlarına əsaslanaraq seçim etməsi məqsədəuyğun deyil. Məhsulun görünüşü və dadı ilə bağlı ilkin müşahidələr müəyyən təsəvvür yaratsa da, onun təbii olduğunu təsdiqləməyin ən etibarlı yolu mənşə məlumatlarının və müvafiq laboratoriya analizlərinin yoxlanılmasıdır”.

Əlaqəli Xəbərlər