İradə Abdullazadə: Kəlağayıda qadının dünyası əks olunurdu
Kəlağayı yalnız baş örtüyü deyil, həm də özündə xüsusi fəlsəfə və ənənələri birləşdirən sənət nümunəsi olub.
Operativ Media xəbər verir ki, bunu “Süsən Kəlağayı Evi”nin direktoru İradə Abdullazadə açıqlamasında deyib.
O bildirib ki, qədim dövrlərdə kəlağayının naxışları və rəngləri sifariş verən xanımın daxili dünyasını əks etdirirdi. Xanımın əhvalı və həyatındakı vəziyyət kəlağayının görünüşünə də təsir edirdi.
İ.Əbdüləzadə qədim naxışlardan biri olan “mismar naxışı” barədə də məlumat verib. Onun sözlərinə görə, kəlağayılarda istifadə olunan naxışlar və rəngləmə üsulları özünəməxsus ənənələrə əsaslanıb.
Direktor qeyd edib ki, kəlağayılar istifadə məqsədinə və parçanın qalınlığına görə də fərqlənib. Daha qalın kəlağayılar qışda, nazik və incə ipəkdən hazırlananlar isə yayda istifadə olunub.
O, kəlağayının qorunması və rənginin uzun müddət saxlanılmasının da istifadə qaydasından asılı olduğunu bildirib. Az istifadə edilən, qatlanaraq sandıqda saxlanılan kəlağayılar rəngini daha yaxşı qoruyub, tez-tez istifadə olunanlar isə zamanla solub.
İ.Əbdüləzadə ən qədim kəlağayı nümunələrindən birinin 300 yaşında olduğunu da diqqətə çatdırıb.
O, həmçinin keçmişdə əsl ipəyin müəyyən edilməsində qadın üzüklərindən istifadə olunduğunu söyləyib. Belə ki, ipək yaylığın üzükdən keçirilməsi onun keyfiyyətini yoxlamaq üsullarından biri olub.
Direktor kəlağayılarla yanaşı, ənənəvi məişət əşyaları haqqında da danışıb. O, nümayiş etdirilən qazanların yemək bişirmək, hamam taslarının isə hamamda sudan istifadə etmək üçün nəzərdə tutulduğunu qeyd edib.