Menyu

Sakinlər komendantın və ya idarəetmə şirkətinin fəaliyyətindən narazı olduqda hansı addımları ata bilərlər?

Ayşən Sadıxzadə
Sakinlər komendantın və ya idarəetmə şirkətinin fəaliyyətindən narazı olduqda hansı addımları ata bilərlər?
1 dəq oxu

Yaşayış binalarında komendantın və ya idarəetmə şirkətinin fəaliyyətindən narazı qalan sakinlərin hansı hüquqları var və mövcud problemlərin həlli üçün hansı addımlar atıla bilər? Binanın idarə olunması, ümumi əmlakın qorunması və sakinlərin maraqlarının müdafiəsi ilə bağlı məsələlərdə mənzil mülkiyyətçilərinin qanunla müəyyən edilmiş hüquqları mövcuddur. 

Mövzu ilə bağlı Operativ Media-ya vəkil Turan Abdullazadə danışıb. 

O bildirib ki, bu hüquqlardan istifadə etməklə sakinlər idarəetməyə təsir göstərə, mövcud problemlərin həllini tələb edə, zərurət yarandıqda isə idarəetmə üsulunun dəyişdirilməsi təşəbbüsü ilə çıxış edə bilərlər:

“Əvvəlcə bir məqamı aydınlaşdırmaq lazımdır: binanın sahibi komendant və ya şirkət deyil, mənzil mülkiyyətçiləridir. Konstitusiyanın 29-cu maddəsi mülkiyyətçiyə əmlakına sahib olmaq, ondan istifadə etmək və onun barəsində sərəncam vermək hüququ verir. Çoxmənzilli binanın ümumi əmlakı da sakinlərin müştərək mülkiyyətidir. Deməli, idarəedici onların adından və onların qərarı ilə işləyən xidmət göstərəndir, əksi deyil. Əsas norma Mənzil Məcəlləsinin 141-ci maddəsidir. Bu maddəyə görə sahə mülkiyyətçiləri binanın idarə edilməsi üsullarından birini seçməyə borcludurlar. 

Bunun 3 üsulu var: mülkiyyətçilərin binanı bilavasitə özləri idarə etməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti (MMMC) və ya ixtisaslaşmış istehlak kooperativi vasitəsilə idarəetmə, və idarəedici təşkilat tərəfindən idarəetmə. İdarəetmə üsulu ümumi yığıncaqda seçilir və istənilən vaxt yığıncağın qərarı ilə dəyişdirilə bilər. Üstəlik, idarəetmə üsulu barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Yəni binanın bütün idarəçiliyini sakinlər MMMC yaratmaqla öz üzərlərinə götürə bilərlər. 

Komendant isə adətən MTK-nın, idarəedici təşkilatın və ya MMMC-nin işçisidir. Ona qarşı iddia birbaşa deyil, onu işə götürən təşkilata ünvanlanmalıdır. Şikayətin ünvanı işəgötürəndir, hüquqi məsuliyyəti də təşkilat daşıyır. Problem çox vaxt qanunun yoxluğunda deyil, sakinlərin bu hüquqlardan istifadə etməməsindədir. 

Təsadüfi deyil ki, MTK-ların hüquqi vəziyyəti ilə bağlı hüquqşünaslar yeni tikililərdə sakinlərin tez-tez MTK komendantlarının özbaşınalığı ilə üzləşdiyini qeyd edirlər. Ölkədə MMMC təcrübəsi yavaş inkişaf edir: Bakı və Abşeronda çox az sayda MMMC qeydiyyata alınıb. Minlərlə bina üçün bu, çox azdır”.

Əlaqəli Xəbərlər