Ailəsində diabet olanlar daha çox risk altındadır?
Şəkərli diabetin risk faktorları xəstəliyin tipindən asılı olaraq dəyişir. İkinci tip şəkərli diabetdə risk amilləri daha çox ön plana çıxır.
Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib.
O bildirib ki, bununla yanaşı, ailəsində, xüsusilə də yaxın qohumlarında şəkərli diabet olan şəxslərdə həyat tərzinin düzgün qurulmaması xəstəliyin yaranma riskini artırır və onun daha erkən yaşlarda meydana çıxmasına səbəb ola bilər:
“Bizə müraciət edən pasiyentlərə verdiyimiz ilk suallardan biri də budur: “Yaxın qohumlarınız arasında şəkərli diabet xəstəsi varmı?” Çünki ailə anamnezində şəkərli diabetin olması həmin şəxslərdə xəstəliyin yaranma riskinin digərləri ilə müqayisədə daha yüksək olduğunu göstərir.
Birinci tip şəkərli diabetdə də risk amilləri mövcuddur, lakin burada vəziyyət fərqlidir. Bu xəstəlik əsasən uşaqlıq və gənclik dövründə üzə çıxa bilər. Ailəsində şəkərli diabet olan şəxslərlə yanaşı, ailəsində belə xəstəlik qeydə alınmayan insanlarda da birinci tip şəkərli diabet aşkarlana bilər.
Bəzi pasiyentlər xəstəliyin qorxu və ya ciddi psixoloji travmadan sonra yarandığını bildirirlər. Bu cür hallarda xəstəliyin həmin hadisədən sonra aşkarlandığı qeyd edilsə də, birinci tip şəkərli diabetin əsas mexanizmi autoimmun proseslə bağlıdır. İmmunitet sistemində baş verən dəyişikliklər nəticəsində insulin istehsal edən hüceyrələr zədələnə və xəstəlik yarana bilər.
Son illərdə gənclər arasında artıq çəki və düzgün olmayan həyat tərzi ikinci tip şəkərli diabet baxımından diqqət yetirilməli məsələlərdəndir. Riskin azaldılması üçün gündəlik həyat tərzinə, qidalanmaya və fiziki aktivliyə diqqət yetirilməli, profilaktik tədbirlər vaxtında və düzgün həyata keçirilməlidir. Bu istiqamətdə həkimlərin və digər səhiyyə əməkdaşlarının üzərinə də mühüm vəzifələr düşür”.
