Eyden Makkarti: “Güclü rəqiblə rəqabət apara bilərik”
"Bilirsiniz, qol standart vəziyyətdən sonra vuruldu. Həmin epizodda düzgün mövqe seçdim, topun gələcəyi yerə çıxdım və fərqləndim. İlk istəyim oyunu tez başlatmaq idi ki, rəqibin üzərinə gedək və bəlkə də ikinci qolu vuraq. Amma həmin an çox həyəcanlı idim. Ailəmin burada olduğunu bilirdim. Onlara baxmağa və sevincimi onlarla bölüşməyə çalışdım".
Operativ Media xəbər verir ki, bunu "Sabah"ın müdafiəçisi Eyden Makkarti "Borussiya" ilə oyundan sonra açıqlamasında deyib.
Təcrübəli müdafiəçi çətin keçən matçın komanda üçün önəmli dərslər qazandırdığını qeyd edib:
"Bilirsiniz, insan nəyəsə nail olmaq üçün çox çalışırsa, zəhmətinin bəhrəsini görür və layiq olduğu nəticəni əldə edir. Bu gün bizim üçün çox çətin mübarizə oldu. Ancaq bu oyun göstərdi ki, belə güclü komandaya qarşı müəyyən səviyyədə rəqabət apara bilərik. Elə isə növbəti addımı atmağa və yenidən cəhd etməyə niyə çalışmayaq?"
Qarşıdakı matçlar üçün hazırlıqları davam etdirəcəklərini bildirən futbolçu turnirin səviyyəsinə diqqət çəkib:
"Bu oyundan çox şey öyrənə bilərik. Çempionlar Liqası futbolun ən yüksək səviyyəli turniridir. Bu qarşılaşmadan nəticə çıxaracaq, məşqlərdə üzərimizdə işləyəcək və daha da inkişaf etməyə çalışacağıq."