Parisdə komendant saatının müddəti ikinci dəfə uzadılıb
Parisin bir sıra rayonlarında iğtişaşlar və qarətlərdən sonra tətbiq edilən komendant saatının müddəti ikinci dəfə uzadılıb.
Operativ Media xəbər verir ki, bu barədə Paris Polis Prefekturası “X” sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, Fransanın Baş naziri Sebastyan Lekorny və daxili işlər naziri Loran Nünyesin göstərişlərinə uyğun olaraq, zorakılıq və qarət təhlükəsindən insanları və əmlakı qorumaq məqsədilə paytaxtın müəyyən ərazilərində toplantı və nümayişlərə məhdudiyyətlər tətbiq edilib.
Komendant saatı çərşənbə günü saat 20:00-dan cümə axşamı saat 06:00-dək qüvvədə olacaq. Məhdudiyyətlərin tətbiq ediləcəyi ərazilər Parisin mərkəzi hissəsinin küçələrini əhatə edən xəritədə göstərilib.
Ötən həftəsonu Fransada yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib. Daxili İşlər Nazirliyi isə iştirakçıların sayını 550 min nəfər olaraq açıqlayıb.
Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Ədliyyə naziri Jerald Darmanenin məlumatına görə, oktyabrın 17-də təxminən 3 min mağaza qarət edilib, 2,5 mindən çox şəxs saxlanılıb.