Heyvanlardan insanlara keçən xəstəliklər: gündəlik həyatda hansı risklər var?
Heyvanlardan insanlara keçən xəstəliklərin bir qismi virus infeksiyalarıdır. Bu xəstəliklərin bəziləri zoonotik xarakter daşıyır, yəni heyvan mənşəlidir. Heyvanlarla təmasın artması, onların təbii yaşayış mühitinin daralması və insanlarla heyvanlar arasında konfliktlərin çoxalması bəzi infeksiyaların heyvanlardan insanlara keçmə riskini artırır.
Bu sözləri Operativ Media-ya professor Adil Qeybulla deyib.
O bildirib ki, HİV virusu da heyvan mənşəli hesab olunur. Eyni zamanda, müxtəlif heyvanlardan, o cümlədən meymun və gəmiricilərdən insanlara keçə bilən infeksiyalar mövcuddur:
“Heyvanlardan insanlara keçən zoonotik xəstəliklərdən biri də bruselyozdur. Bu xəstəlik insana xəstə heyvanlarla təmas, onların əti, çiy südü və qaynadılmamış süddən hazırlanan məhsullar vasitəsilə keçə bilər. Bruselyoz ağır fəsadlara səbəb ola, hətta insanın əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilər.
Müxtəlif xəstəliklərin heyvanlardan insanlara keçməsi ciddi təhlükə yaradır. Buna görə də heyvanlardan əldə edilən məhsulların təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Ət və süd məhsulları mütəmadi yoxlanılmalı, onların baytarlıq nəzarətindən keçməsi təmin olunmalıdır.
Təəssüf ki, bəzi hallarda məhsulların təhlükəsizliyinə lazımi diqqət yetirilmir və bundan sui-istifadə edən şəxslər də olur. Nəticədə insanlar xəstə heyvanların südündən hazırlanan pendir və digər məhsulları istehlak edərək yoluxa, uzun müddət sağlamlıq problemləri ilə üzləşə bilərlər.
Bu baxımdan, heyvanlardan insanlara infeksiyaların keçməsinin qarşısının alınması mühüm əhəmiyyət daşıyır. Heyvan mənşəli bəzi infeksiyalar insan orqanizminə keçdikdən sonra fərqli şəkildə inkişaf edə və ağır nəticələrə səbəb ola bilər. Afrikada müşahidə olunan bəzi hemorragik qızdırmalar da zoonotik infeksiyalar sırasına daxildir”.