Menyu

Azərbaycan karbon izini azaltmaq üçün enerji və sənayedə dəyişikliklərə hazırlaşır

Operativ Media
Azərbaycan karbon izini azaltmaq üçün enerji və sənayedə dəyişikliklərə hazırlaşır
1 dəq oxu

Azərbaycan 2035-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarını 40 % azaltmağı, 2060-cı ildə isə xalis sıfır emissiya səviyyəsinə çatmağı hədəfləyir.

Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycanın uzunmüddətli aşağıkarbonlu inkişaf strategiyası"nda bildirilib.

Strategiyaya əsasən, xalis sıfır emissiya hədəfinə nail olmaq əhəmiyyətli investisiyalar tələb etsə də, bu keçidin yeni iş yerlərinin yaradılması və iqtisadi fəallığın artması hesabına ÜDM-in yüksəlməsinə töhfə verəcəyi proqnozlaşdırılır.

Qeyd olunub ki, Azərbaycan 2035-ci ilə qədər əsasən az xərc tələb edən və hazırda tətbiqi mümkün olan həllərin həyata keçirilməsini nəzərdə tutur. Bu tədbirlərə enerji səmərəliliyinin artırılması, metan emissiyalarının azaldılması, elektrik nəqliyyat vasitələrinə keçid, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi və istilik nasoslarının quraşdırılması daxildir.

Strategiyada vurğulanıb ki, 2060-cı ilə qədər xalis sıfır emissiya hədəfinə çatmaq bir sıra amillərdən asılı olacaq. Bu prosesdə iqtisadi artımın davamlılığının təmin edilməsi, xammal və enerji mənbələrindən istifadənin xüsusiyyətləri, eləcə də enerji istehsalı və sənaye prosesləri zamanı karbon izinin azaldılması mühüm rol oynayacaq.

Enerji səmərəliliyinin artırılması istiqamətində əsas tədbirlərdən biri əməliyyat proseslərinin optimallaşdırılması və yüksək enerji sərfiyyatı, eləcə də yüksək emissiya intensivliyi ilə xarakterizə olunan avadanlıqların daha az enerji istehlak edən və daha az emissiya yaradan avadanlıqlarla əvəz edilməsidir.

Strategiyada karbonun tutulması, istifadəsi və saxlanması (KTİS), eləcə də karbonun birbaşa atmosferdən çıxarılması texnologiyalarına da yer verilib. Bu yanaşmalar sənaye müəssisələri kimi nöqtəvi mənbələrdən ayrılan CO₂-nin tutulmasını, daimi saxlanmaq üçün dərin yeraltı qatlara yerləşdirilməsini, təkrar istifadəsini və beton, karbamid kimi kommersiya məhsullarına çevrilməsini nəzərdə tutur. Digər istiqamət isə CO₂-nin birbaşa atmosfer havasından çıxarılmasıdır.

Strategiyanın əsas məqsədlərindən biri dekarbonizasiya tədbirlərini uzunmüddətli iqtisadi rifah və ayrı-ayrı sektorların inkişafı ilə uzlaşdırmaqdır. Eyni zamanda, ədalətli və inklüziv enerji keçidi çərçivəsində kiçik və orta müəssisələrin (KOB) rəqabət qabiliyyətinin və dayanıqlılığının qorunması nəzərdə tutulur.

Əlaqəli Xəbərlər