Sümük əriməsini vaxtında aşkar etmək mümkündürmü?
Osteoporoz sümük kütləsinin və sümük toxumasının sıxlığının azalması ilə nəticələnən xəstəlikdir. Bu zaman sümük toxumasının quruluşu zəifləyir, sümüklər kövrəkləşir və sınıq riski artır. Xəstəlik adətən səssiz inkişaf edir. Çox vaxt osteoporoz yalnız sümük sınığı baş verdikdən sonra aşkarlanır.
Bu sözləri Operativ Media-ya revmatoloq Gülzar Sadıqova deyib.
O bildirib ki, xəstəliyin yaranmasında əsas amillərdən biri klimaks dövrüdür. Bu dövrdə hormonal dəyişikliklər, xüsusilə estrogen hormonunun səviyyəsinin azalması sümük mübadiləsinə təsir göstərir. Nəticədə sümük toxumasının yenilənməsi prosesi pozulur və sümük kütləsinin itirilməsi sürətlənir:
“Bildiyimiz kimi, sümük toxumasının yenilənməsində iki əsas hüceyrə qrupu iştirak edir: osteoblastlar və osteoklastlar. Osteoblastlar yeni sümük toxumasının yaranmasını təmin edir, osteoklastlar isə köhnə sümük toxumasının parçalanmasında iştirak edir. Normal şəraitdə bu iki proses arasında tarazlıq mövcuddur. Osteoporoz zamanı isə həmin tarazlıq pozulur və sümük toxumasının parçalanması onun yaranmasını üstələyir.
Osteoporoz birincili və ikincili olmaqla iki qrupa bölünür. Birincili osteoporoz əsasən yaşlanma və hormonal dəyişikliklərlə əlaqədar yaranır. Həm qadınlarda, həm də kişilərdə yaş artdıqca sümük kütləsi azala bilər. Qadınlarda estrogen, kişilərdə isə testosteron hormonunun səviyyəsinin aşağı düşməsi bu prosesə təsir göstərir. D vitamini və kalsium çatışmazlığı da sümük sağlamlığının zəifləməsinə səbəb olan amillərdəndir.
İkincili osteoporoz isə müxtəlif endokrin və metabolik xəstəliklər, eləcə də bəzi dərman preparatlarının uzun müddət qəbulu nəticəsində inkişaf edə bilər. Xüsusilə kortikosteroidlərin uzunmüddətli istifadəsi sümük kütləsinin azalması riskini artırır.
Osteoporoz təhlükəli xəstəlikdir. Çünki uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə və ilk dəfə sınıq baş verdikdə üzə çıxa bilər. Bununla belə, xəstəliyi yalnız sınıq yarandıqdan sonra müəyyənləşdirmək mümkün deyil. Vaxtında aparılan müayinələr vasitəsilə sümük sıxlığının azalmasını aşkar etmək mümkündür.
Bel və boyun nahiyəsində ağrılar, onurğa sütununda dəyişikliklər və boyun qısalması osteoporozla əlaqəli ola bilən əlamətlərdir. Lakin bu əlamətlər yalnız osteoporoza xas deyil və başqa xəstəliklər zamanı da müşahidə edilə bilər. Buna görə də düzgün diaqnoz üçün mütəxəssis müayinəsi vacibdir.
Osteoporoz zamanı ən təhlükəli ağırlaşmalardan biri bud sümüyünün boynunun və onurğa fəqərələrinin sınıqlarıdır. Belə sınıqlar bəzən yüngül yıxılma və ya kiçik travma nəticəsində də baş verə bilər. Xüsusilə yaşlı insanlarda bud sümüyünün boynunun sınığı hərəkət məhdudiyyətinə, uzunmüddətli yataq rejiminə və tromboembolik ağırlaşmalara səbəb ola bilər. Bu ağırlaşmalar xəstənin həyatı üçün ciddi təhlükə yaradır.
Sınıqlar vaxtında aşkarlanmadıqda və düzgün müalicə edilmədikdə sümük toxumasının düzgün bitişməməsi, oynaq funksiyasının pozulması və xroniki ağrılar kimi problemlər meydana çıxa bilər. Onurğa fəqərələrinin sınıqları isə onurğa sütununun formasının dəyişməsinə, qamətin əyilməsinə və boyun qısalmasına səbəb ola bilər.
Osteoporozun diaqnostikasında əsas müayinə üsullarından biri sümük mineral sıxlığını ölçən densitometriyadır. Xüsusilə DEXA müayinəsi sümük sıxlığının qiymətləndirilməsi və osteoporozun diaqnostikası üçün geniş istifadə olunur. Ultrasəs müayinəsi də müəyyən hallarda sümük sağlamlığının qiymətləndirilməsində köməkçi üsul kimi tətbiq edilir.
Adi rentgen müayinəsi isə sümük sıxlığının erkən mərhələdə azalmasını müəyyənləşdirmək üçün kifayət qədər həssas deyil. Rentgenoloji dəyişikliklər adətən sümük kütləsinin əhəmiyyətli hissəsi itirildikdən sonra görünür. Buna görə də osteoporozdan şübhələnildikdə DEXA müayinəsi daha məqsədəuyğun hesab olunur.
Xəstəliyin müalicəsində kalsium və D vitamini çatışmazlığının aradan qaldırılması, həmçinin sümük kütləsinin itirilməsini azaltmağa yönəlmiş dərman preparatlarından istifadə mühüm əhəmiyyət daşıyır. Müalicə zamanı bifosfonatlar qrupuna daxil olan zoledron turşusu və alendronat kimi preparatlar tətbiq oluna bilər. Bundan əlavə, bəzi hallarda bioloji preparatlardan da istifadə edilir.
Bifosfonatların əsas təsir mexanizmi sümük toxumasının parçalanmasında iştirak edən osteoklastların fəaliyyətini zəiflətməkdir. Beləliklə, sümük kütləsinin itirilməsi azalır və sınıq riski aşağı düşə bilər. Müalicə preparatın seçimi, dozası və istifadə müddəti xəstənin vəziyyətinə, müayinə nəticələrinə və digər risk amillərinə uyğun olaraq həkim tərəfindən müəyyən edilməlidir.
Osteoporozun profilaktikası və müalicəsi zamanı həyat tərzi də mühüm rol oynayır. Açıq havada gəzmək, fiziki aktivliyi qorumaq və düzgün qidalanmaq sümük sağlamlığına müsbət təsir göstərir. Qida rasionunda süd və süd məhsulları, eləcə də kalsiumla zəngin digər qidaların olması vacibdir. D vitamini səviyyəsinə də diqqət yetirilməlidir.
Ümumilikdə, osteoporozun erkən aşkarlanması, risk amillərinin vaxtında qiymətləndirilməsi və uyğun müalicənin aparılması sınıqların qarşısını almaq və xəstələrin həyat keyfiyyətini qorumaq baxımından böyük əhəmiyyət daşıyır”.