Kütləvi tədbirlərdə qida zəhərlənməsi baş verdikdə məsuliyyət kimə aiddir?
Kütləvi tədbirlərdə, o cümlədən toy, banket, korporativ tədbir və digər məclislərdə qida zəhərlənməsi baş verdikdə məsuliyyətin kimə aid olması ilk növbədə hadisənin hansı səbəbdən baş verməsindən, qidanın kim tərəfindən hazırlanmasından, saxlanılmasından və təqdim edilməsindən asılıdır.
Bu sözləri Operativ Media-ya vəkil Səma Əhmədova deyib.
O bildirib ki, hüquqi baxımdan məsuliyyət yalnız tədbirin təşkilatçısının üzərinə qoyula bilməz:
“Qidanı hazırlayan restoran və ya iaşə müəssisəsi, sifariş əsasında yeməkləri tədarük edən şirkət, eləcə də qida təhlükəsizliyinə dair öhdəlikləri pozmuş digər şəxslər də məsuliyyət daşıya bilərlər. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qida zəncirinin iştirakçıları dövriyyəyə daxil etdikləri qida məhsullarının təhlükəsizliyini təmin etməli, qida məhsullarının hazırlanması, saxlanılması və daşınması zamanı müəyyən edilmiş tələblərə əməl etməlidirlər. Bu tələblərin pozulması mülki, inzibati, qanunla nəzərdə tutulmuş hallarda isə cinayət məsuliyyətinə səbəb ola bilər.
Məsələn, banket üçün yeməklər restoranda hazırlanıb lazımi temperatur rejiminə əməl edilmədən saxlanılıbsa və nəticədə qonaqlar zəhərlənibsə, restoranın məsuliyyəti məsələsi yaranır. Yeməklər tədbir təşkilatçısı tərəfindən ayrıca hazırlanıb təqdim edilibsə və zəhərlənmə həmin mərhələdəki pozuntu ilə bağlıdırsa, təşkilatçının da məsuliyyəti yarana bilər. Konkret halda məsul şəxslər sübutlar əsasında müəyyən edilir. Qida zəhərlənməsi nəticəsində sağlamlığına zərər dəymiş şəxslər müalicə xərclərinin və qanunvericiliyə uyğun olaraq digər zərərlərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Pozuntunun xarakterindən və nəticələrindən asılı olaraq, məsul şəxslər barəsində inzibati tədbirlər görülməsi və ya cinayət işinin başlanması məsələsi də yarana bilər”.