Belarus ABŞ səfirliyinin fəaliyyətini bərpa etməyi müzakirə edir
Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov ABŞ səfirliyinin Minskdə fəaliyyətinin bərpası ilə bağlı məsələlərin həll olunduğunu bildirib.
Operativ Media xəbər verir ki, diplomat bu barədə “Belarus-1” telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ-ın Belarusdakı səfirliyi rəsmi olaraq heç vaxt bağlanmayıb. Lakin Vaşinqtonun təhlükəsizliklə bağlı narahatlıqları səbəbindən diplomatik nümayəndəlik Litvaya köçürülüb. Bu qərar qonşu Ukraynada hərbi əməliyyatların başlaması ilə əlaqələndirilib.
Rıbakov qeyd edib ki, amerikalı diplomatların Belarusda fəaliyyət göstərməsi üçün bütün zəruri sənədləri, vizaları və icazələri var. Bununla belə, səfirliyin tam şəkildə Minskə köçürülməsi üçün ABŞ tərəfi Belarus qarşısında müəyyən məsələlər qaldırıb və hazırda onların həlli istiqamətində iş aparılır.
Xatırladaq ki, mart ayında Belarus Prezidenti Aleksandr Lukaşenko Minsk və Vaşinqton arasında geniş məsələlər üzrə müzakirələrin aparıldığını açıqlayıb. Bu məsələlərə ABŞ səfirliyinin normal fəaliyyətinin bərpası və siyasi məhbus hesab edilən şəxslərin azadlığa buraxılması da daxildir.