Sekyuritizasiya ilə bağlı qanun layihəsinə yeni təkliflər verilib
Sekyuritizasiya ilə bağlı qanun layihəsinin ikinci oxunuşunda mülki-hüquqi mexanizmlərin və hüquqi müəyyənliyin daha da təkmilləşdirilməsi təklif olunub.
Operativ Media xəbər verir ki, bu təklifləri deputat Bəhruz Məhərrəmov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı səsləndirib.
Çıxış zamanı qanun layihəsinin mətnindəki mülki-hüquqi mexanizmlər və hüquqi müəyyənliklə bağlı bir sıra məsələlərə diqqət çəkilib.
İlk olaraq aktivlərin ötürülməsi mexanizminin, daha dəqiq desək, tələbin güzəşti ilə alqı-satqının hüquqi təbiətinin uzlaşdırılması məsələsinə toxunulub.
Qeyd edilib ki, layihənin 74-9.1-ci maddəsində aktivlərin sekyuritizasiya şirkətinə satışı “tələbin güzəşti qaydasında bağlanmış alqı-satqı müqaviləsi” kimi müəyyən edilir. Mülki hüquq doktrinası baxımından tələbin güzəşti öhdəlikdə şəxslərin dəyişməsi üsulu, alqı-satqı isə əvəzli əqddir. Bu iki müxtəlif hüquqi institutun tətbiqi zamanı kolliziyaların yaranmaması üçün müqavilənin hüquqi təbiətinin tərəflərin hüquq və vəzifələri kontekstində daha dəqiq ifadə edilməsi məqsədəuyğun hesab olunur.
Növbəti təklif mülkiyyət hüququnun keçmə anı ilə istiqrazların yerləşdirilməsinin nəticələri arasındakı ziddiyyətin aradan qaldırılması ilə bağlı olub.
Bildirilib ki, layihənin 74-9.6-cı maddəsinə əsasən, aktivlər üzrə mülkiyyət hüququ alqı-satqı müqaviləsinin qüvvəyə mindiyi andan, yəni sekyuritizasiya planının təsdiq edildiyi tarixdən sekyuritizasiya şirkətinə keçir. Lakin 74-9.4-cü maddədə sekyuritizasiya istiqrazlarının yerləşdirilməsi baş tutmadıqda müqaviləyə xitam verilməsi və mülkiyyət hüququnun yenidən aktivlərin satıcısına qayıtması nəzərdə tutulur.
Bu vəziyyətin mülkiyyət hüququnun keçməsi baxımından hüquqi qeyri-müəyyənlik yaratdığı vurğulanıb. Mexanizmin təxirəsalınmış şərtlə bağlanan əqd kimi tənzimlənməsi və ya mülkiyyət hüququnun keçmə anının birbaşa istiqrazların yerləşdirilməsinin nəticələrinə bağlanması hüquqi ardıcıllığın təmin olunmasına imkan verə bilər.
Digər təklif layihənin 74-12.4-cü maddəsində nəzərdə tutulan məhdudiyyətlə bağlı olub. Həmin maddəyə əsasən, aktivlərin satıcısının əldə etdiyi minimum 5 faizlik sekyuritizasiya istiqrazlarının tədavül müddətinin sonuna qədər özgəninkiləşdirilməsi və ya onlara hər hansı formada sərəncam verilməsi qadağan edilir.
Lakin bu imperativ tələb pozularaq istiqrazlar qanunsuz şəkildə üçüncü şəxslərə ötürüldüyü halda həmin əqdlərin hüquqi taleyinin və tərəflər üçün yaranacaq hüquqi nəticələrin birbaşa normada əks etdirilmədiyi diqqətə çatdırılıb. Bu məsələnin qanun layihəsində dəqiq tənzimlənməsinin məqsədəuyğun olduğu bildirilib.
Çıxışın sonunda qanun layihəsinin kifayət qədər mükəmməl hazırlandığı və mühüm nəticələr hədəflədiyi qeyd olunaraq onun dəstəkləndiyi ifadə edilib.