Menyu

Aydın Mirzəzadə: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

Operativ Media
Aydın Mirzəzadə: Ermənistan Azərbaycan xalqından üzr istəməlidir
1 dəq oxu

Ətraf mühitin qorunmasında vətəndaş təşəbbüsləri mühüm rol oynayır. İşğaldan azad edilmiş ərazilərdə Ermənistanın törətdiyi ekoloji fəsadların aradan qaldırılması və tarixi hadisələrin unudulmaması da xüsusi əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ətraf mühitin monitorinqi dövlətin müvafiq xidmətləri tərəfindən vaxtaşırı həyata keçirilsə də, ən böyük monitorinq vasitələrindən biri vətəndaş təşəbbüsüdür. Vətəndaşların sosial şəbəkələrdə və mətbuatda yaşıllıqların qorunması, suyun təmizliyi və digər ekoloji məsələlərlə bağlı qaldırdıqları problemlərə dövlət tərəfindən operativ reaksiya verilməsi mövcud boşluqların müəyyənləşdirilməsinə kömək edir.

Deputatın fikrincə, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə ətraf mühitin vəziyyətinin monitorinqi də bu baxımdan mühüm əhəmiyyət daşıyıb.

Aydın Mirzəzadə bildirib ki, Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində meşələri qırdığı, su mənbələrini çirkləndirdiyi və təbiətə ciddi ziyan vurduğu əvvəldən məlum idi. Onun sözlərinə görə, 30 illik işğal dövründə işğal altındakı ərazilərdən gələn su mənbələrində ağır metallar və çirkab sularının olması ilə bağlı hallar qeydə alınıb. Deputat bunu Azərbaycana qarşı məqsədli ekoloji terror kimi qiymətləndirib.

İşğaldan azad edilmiş ərazilərdəki vəziyyətə toxunan deputat qeyd edib ki, həmin torpaqların ciddi dağıntılara məruz qaldığı, meşələrin qırıldığı, su mənbələrinin çirkləndiyi və heyvanat aləminə zərər dəydiyi aşkar olunub. Hazırda bu ərazilərdə bərpa işləri aparılır və görülən tədbirlər barədə ictimaiyyətə məlumat verilir.

Aydın Mirzəzadə çıxışı zamanı Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin Ermənistanla bağlı müraciətinə də münasibət bildirib. Deputatın fikrincə, Ermənistan törətdiyi əməllərə, barbarlığa və faşizmə görə Azərbaycan xalqından üzr istəməlidir.

O, Ermənistanla yaxşı münasibətlərin qurulması istiqamətində müvafiq addımların atıldığını da xatırladıb. Bununla belə, tarixdə baş verənlərin unudulmamalı olduğunu deyən deputat Ermənistanın əvvəlki və indiki rəhbərliyinin Azərbaycana qarşı aqressiyada iştirak etdiyini, ölkənin inkişafına maneələr yaratdığını, insanların həlak olduğunu, şəhərlərin, mədəniyyət nümunələrinin və tarixi abidələrin dağıdıldığını bildirib.

Aydın Mirzəzadə hesab edir ki, bütün bu hadisələrə görə Azərbaycan xalqı Ermənistandan üzr gözləyir.

Əlaqəli Xəbərlər