Menyu

Azər Allahverənov: Miqrasiya Məcəlləsinə dəyişikliklər idarəçiliyin təkmilləşdirilməsinə xidmət edəcək

Operativ Media
Azər Allahverənov: Miqrasiya Məcəlləsinə dəyişikliklər idarəçiliyin təkmilləşdirilməsinə xidmət edəcək
3 dəq oxu

Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər miqrasiya idarəçiliyinin təkmilləşdirilməsinə, inzibati prosedurların sadələşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Azər Allahverənov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, Miqrasiya Məcəlləsində yeni dəyişiklikləri nəzərdə tutan qanun layihəsi miqrasiya tənzimlənməsinin ayrı-ayrı mexanizmlərinin təkmilləşdirilməsinə, hüquqi normaların dəqiqləşdirilməsinə və inzibati prosedurların effektivliyinin artırılmasına yönəlib.

O qeyd edib ki, miqrasiya qanunvericiliyinin keyfiyyəti yalnız hüquqi tənzimləmənin dolğunluğu ilə müəyyən olunmur. Bu keyfiyyət, eyni zamanda, müvafiq normaların praktikada nə dərəcədə aydın, ardıcıl və effektiv tətbiq edilməsi ilə ölçülür.

Beynəlxalq əlaqələrin genişləndiyi, diplomatik təmasların intensivləşdiyi və beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndiyi şəraitdə ayrı-ayrı kateqoriyalara aid xarici vətəndaşların ölkədə qalma və qeydiyyat qaydalarının təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, müzakirə olunan qanun layihəsinin bir sıra prinsipial aspektlərinə diqqət yetirmək vacibdir.

Azər Allahverənovun sözlərinə görə, xarici vətəndaşların müvafiq kateqoriyalarının və onların qeydiyyatı ilə bağlı qaydaların dəqiqləşdirilməsi Miqrasiya Məcəlləsinin müvafiq normalarının daha konkret və ardıcıl tətbiqinə imkan verəcək. Bu, xüsusilə diplomatik nümayəndəliklərin və konsulluqların əməkdaşlarına, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinə və onların ailə üzvlərinə münasibətdə mühüm əhəmiyyət daşıyır.

Çünki təcrübə göstərir ki, miqrasiya qanunvericiliyində qaydaların aydın ifadə olunması həmin normaların xarici vətəndaşlar tərəfindən düzgün başa düşülməsinə və tətbiqinə kömək edir.

Deputat digər mühüm məqamın dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, qanun layihəsində qeydiyyat vəsiqələrinin rəsmiləşdirilməsi və verilməsi ilə əlaqədar müddəaların nəzərdə tutulması müvafiq prosedurların daha sistemli şəkildə tənzimlənməsinə xidmət edir. Bu isə dövlət xidmətlərinin keyfiyyətinə və nəticə etibarilə vətəndaş məmnunluğuna birbaşa təsir göstərən amillərdəndir.

Qanun layihəsində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemindən istifadə və müvafiq məlumatların Vahid Miqrasiya Məlumat Sisteminə ötürülməsi ilə bağlı müddəaların yer alması da mühüm addımlardan biri hesab olunur. Bu yanaşma həm dövlət xidmətlərinin rəqəmsallaşdırılması, həm də dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Çünki müasir şəraitdə rəqəmsallaşma sadəcə texnoloji inkişaf göstəricisi deyil, həm də dövlət idarəçiliyinin keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm vasitədir.

İnformasiya sistemlərinin inteqrasiyası səlahiyyətli qurumlar arasında məlumat mübadiləsinin təkmilləşdirilməsinə, daxil edilən məlumatların daha operativ emalına və inzibati prosedurların kağız sənəd dövriyyəsindən asılılığının azaldılmasına imkan yaradır. Nəticədə idarəetmədə operativlik artır, xidmətlərin göstərilməsində şəffaflığın və effektivliyin təmin olunması üçün əlavə imkanlar yaranır.

Rəsmi səfərlər üçün giriş vizalarının verilməsi qaydalarının tənzimlənməsi və müəyyən kateqoriyalara aid xarici vətəndaşların ölkədə müvəqqəti olma müddətinin uzadılması ilə bağlı müddəaların dəqiqləşdirilməsi də miqrasiya qanunvericiliyinin ardıcıl tətbiqi baxımından vacibdir.

Bu cür normalar müvafiq prosedurların aydınlığını təmin edir, rəsmi səfərlərin təşkili və beynəlxalq nümayəndəliklərin fəaliyyəti ilə bağlı məsələlərin həllində hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına kömək edir.

Deputat çıxışında xidmət keyfiyyəti, idarəetmənin səmərəliliyi və vətəndaş məmnunluğunun ölkəmizdə miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin əsas prioritetləri sırasında olduğunu xüsusi vurğulayıb.

O bildirib ki, bu istiqamətdə əldə olunan nəticələr də diqqətəlayiqdir. Belə ki, 2025-ci il üzrə “ASAN xidmət indeksi”nin qiymətləndirilməsinin nəticələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni Dövlət Miqrasiya Xidməti göstərib.

Miqrasiya idarəçiliyi ilə bağlı müsbət nəticələr bu günlərdə açıqlanan Avropa İttifaqının Azərbaycanda biznes mühitinə dair 2025/2026-cı illər üzrə hesabatında da yer alıb. Belə ki, biznes mühitinə müsbət təsir göstərən indikatorlar arasında miqrasiya siyasəti üçüncü yerə layiq görülüb. Eyni zamanda, Dövlət Miqrasiya Xidməti səmərəli fəaliyyəti ilə seçilən üç qurumdan biri kimi göstərilib, qurumun elektron xidmətləri isə səmərəlilik göstəricisinə görə dördüncü yerdə qərarlaşıb.

Miqrasiya sahəsində uzun müddət fəaliyyət göstərən bir şəxs kimi bu nəticəni yüksək dəyərləndirən Azər Allahverənov Dövlət Miqrasiya Xidmətinin bütün əməkdaşlarını səmimi-qəlbdən təbrik edib.

Deputat hesab edir ki, qanun layihəsində yer alan dəyişikliklərin qəbulu miqrasiya idarəçiliyinin daha da təkmilləşdirilməsinə, inzibati prosedurların sadələşdirilməsinə və dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə əlavə töhfə verəcək. O, bu səbəbdən qanun layihəsini dəstəklədiyini bildirib və həmkarlarını da ona səs verməyə çağırıb.

Əlaqəli Xəbərlər