Menyu

Hikmət Məmmədov: Qarabağa qayıdış həm də milli və mədəni yaddaşın bərpasıdır

Operativ Media
Hikmət Məmmədov: Qarabağa qayıdış həm də milli və mədəni yaddaşın bərpasıdır
2 dəq oxu

Azərbaycanda daxili miqrasiya, işğaldan azad edilmiş ərazilərə qayıdış və milli-mədəni yaddaşın bərpası ölkənin gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Operativ Media xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, xarici miqrasiya ilə yanaşı, ölkədə demoqrafik kontekstdə daxili miqrasiya prosesi də mövcuddur. 2026-cı ildə artıq 80 mindən çox Azərbaycan vətəndaşı öz tarixi torpaqlarına, yurdlarına qayıdıb. Bu, yalnız statistik göstərici deyil, həm də Azərbaycan xalqının tarixi, milli və mədəni yaddaşının Qarabağa qayıtması, həmin ərazilərdə yeni milli yaddaşın və mədəniyyətin formalaşması üçün imkanların yaranması deməkdir.

Təsadüfi deyil ki, bu gün Azərbaycanda mədəniyyətlərarası dialoqla bağlı növbəti görüş keçirilir. Azərbaycan Prezidenti çıxışında mədəniyyətin əhəmiyyətinə bir daha diqqət çəkib.

Son illərdə Azərbaycanda teatr və kino mədəniyyəti də özünə qayıdır. 44 günlük müharibədən bəhs edən “44 dəmir yumruq” filmində də bunun şahidi olmaq mümkündür.

Hikmət Məmmədov hesab edir ki, mədəniyyət yalnız mədəniyyət hadisəsi deyil, həm də ədəbiyyat hadisəsidir. Çünki hər hansı xalqın mentalitetini və davranışlarını anlamaq üçün ilk növbədə onun ədəbiyyatına nəzər salmaq lazımdır. Məsələn, fransız xalqının mentalitetini anlamaq üçün Viktor Hüqonun, qırğız xalqının kimliyini tanımaq üçün Çingiz Aytmatovun, rus xalqının davranışlarını və bu davranışların səbəblərini anlamaq üçün isə Fyodor Dostoyevskinin əsərlərini oxumaq lazımdır.

Deputat bu kontekstdə Rusiyanın hazırkı hərbi-siyasi davranışlarını Dostoyevskinin “Cinayət və cəza” romanındakı Raskolnikov obrazı ilə müqayisə edib. Onun fikrincə, Rusiya hərbi-siyasi maşını cinayət törədən, daha sonra isə həmin cinayətin şahidlərini də öldürən Raskolnikova bənzəyir. Bu müqayisə vasitəsilə rus xalqının davranışlarını və onların səbəblərini anlamağın mümkün olduğunu düşünür.

Azərbaycan ədəbiyyatında da xalqın mentalitetini əks etdirən çoxsaylı yazıçılar var. Onlardan biri də İlyas Əfəndiyevdir. Bu günlərdə yazıçının anım günüdür. Mədəniyyətimizin yenidən təntənə etdiyi indiki mərhələdə onun “Natəvan” pyesinə müraciət etmək, Xurşidbanu Natəvanın həyatını bugünkü reallıqlar kontekstində izləmək Qarabağa qayıdışın əhəmiyyətini daha dərindən dərk etməyə imkan verir.

Hikmət Məmmədovun sözlərinə görə, əsərin premyerasında dövlət başçısı İlham Əliyev də iştirak edib. Tamaşanın sonunda İlham Əliyev İlyas Əfəndiyevə Natəvanın sonuncu monoloqunu çox gözəl yazdığını deyib, daha sonra isə Heydər Əliyevə müraciət edərək onun da həmin monoloqu çox gözəl təqdim etdiyini bildirib.

Deputat hesab edir ki, Qarabağın azad edilməsinin nə qədər böyük mədəniyyət hadisəsi olduğunu dərk etmək üçün Xurşidbanu Natəvanın monoloqunu yenidən oxumaq, oradakı azadlıq ruhunu bugünkü reallıqlarla əlaqələndirmək və bu azadlığı təmin edənləri yenidən qiymətləndirmək lazımdır.

Tarixin bu mürəkkəb mərhələsində Azərbaycan Prezidentinin çağırışlarına uyğun olaraq, qələbəyə layiq şəkildə mədəniyyəti və mənəviyyatı yüksəltmək, geniş mənada özümüzə qayıtmaq vacibdir. Bunun üçün mənəvi mühacirətdən, mənəvi miqrantlıqdan xilas olaraq yenidən özümüzə dönməliyik.

Hikmət Məmmədovun fikrincə, Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər də xarici ölkə vətəndaşlarının Azərbaycana səfərləri zamanı intizam mədəniyyətinin təmin olunması baxımından öz əhəmiyyətini göstərəcək.

Əlaqəli Xəbərlər